Ulu Öndər Heydər Əliyev və qüdrətli Azərbaycan Respublikası
Müasir və müstəqil Azərbaycan dövlətinin memarı, görkəmli siyasi xadim, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98 illiyini qeyd edirik.
Ömrünü Azərbaycanın taleyinə bağlayan, həyat və faəliyyətində, yeritdiyi daxili və xarici siyasətdə, Azərbaycanın qüdrətli gələcəyi üçün atdığı hər imzada vətən sevgisini, xalq üçün xidmət düsturunu, müdrik siyasi baxışını miras buraxan Ümummilli Lider Heydər Əliyevin dahi şəxsiyyəti tarixin ən uca zirvələrinin fatehinə çevrilmişdir. Bugünkü Zəfər tariximizin, Qələbə yolumuzun meyarlarını ərsəyə gətirən, Azərbaycanın geosiyasi nailiyyətlərinin təməlini inşa edən Ulu Öndər Heydər Əliyevin uğurlu siyasi kurs irsi dərin çalarları ilə qüdrətli Azərbaycanın gələcəyinə işıq saçır. Xalqın birliyini, dünyanın harasında olursa olsun hər bir azərbaycanlının vətənə bağlılığını, Azərbaycan diasporasının vəhdətini aşılayan Ümummilli Lider Heydər Əliyevin apardığı siyasət və misilsiz xidmətləri Azərbaycanın inkişaf strategiyasının üfüqlərini genişləndirmişdir. Azərbaycanın tarixi və siyasi taleyi, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrini əhatə edən inkişaf və tərəqqi möhtərəm Heydər Əliyevin adı və onun siyasi irsi ilə bağlıdır.
Bu böyük şəxsiyyət xalq üçün xidməti hər şeydən uca tutaraq Sovet dövründə fəaliyyətinin ilkin dövrlərindən başlayaraq respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəminlərini hazırlamışdır. Onun rəhbərliyi sayəsində ölkəmizdə idarəçiliyin möhkəmlənməsi, kadrlara qarşı tələbkarlığın artırılması ilə iqtisadi-sosial sahədə böyük nailiyyətlər əldə edilmişdir. Möhtərəm Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin mühüm istiqamətlərindən biri də milli ruhun yüksəlişi, millətin tarixi yaddaşının özünə qaytarılması kimi fundamental məsələləri özündə əks etdirmişdir. Görülən bütün tədbirlər hesabına ölkəmizin həyatında ciddi dəyişikliklər baş vermişdir.
1990-cı ilin Qanlı Yanvar faciəsinin törədildiyi vaxt Ulu Öndər Heydər Əliyev özünün və ailəsinin həyatını təhlükə qarşısında qoyaraq o zamankı Sovet rəhbərliyini və faciənin digər təşkilatçılarını kəskin ittiham etmiş, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. 1990-1993-cü illərin Azərbaycanın məqsədli şəkildə xaos, anarxiya girdabına, vətəndaş qarşıdurmasına sürükləndiyi bir vaxtda xalq yeganə nicatını, ölkənin siyasi və iqtisadi böhrandan qurtulmasının, vətəndaş qarşıdurmasının aradan qaldırılmasının, dövlət müstəqilliyinin daimi və əbədi olmasının yolunu Ümummilli Lider Heydər Əliyevdə görürdü. Xalqın iradəsi hər şeyə qalib gəldi və müstəqil Azərbaycan öz nicatını böyük xilaskarın ali hakimiyyətə qayıdışında tapdı. Onun sarsılmaz qətiyyəti və yenilməz iradəsi ilə dövlət və hakimiyyət böhranı aradan qaldırıldı, vətəndaş müharibəsinə son qoyuldu.
Təsadüfi deyil ki, milli liderin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdığı gün – 1993-cü ilin 15 iyunu tarixə Milli Qurtuluş günü kimi daxil olmuşdur. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə milli ordu yaradıldı, atəşkəs elan olundu, makroiqtisadi sabitlik təmin edildi, ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Lakin, 1993-2003-cü illər kifayət qədər tələbkar, iqtisadiyyatın dirçəldilməsi, islahatların aparılması və milli dövlət quruculuğu baxımından taleyüklü bir dövr oldu. Həmin dövr ərzində dahi Heydər Əliyev “siyasət mümkün olanı etmək deyil, mümkünsüzü bacarmaq sənətidir” məşhur kəlamda söylənildiyi kimi, düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan üçün, xalqımız üçün mümkünsüz görünən hər şeyin öhdəsindən uğurla gəldi, ölkəmizin müstəqilliyini dönməz, əbədi və daimi etdi, Azərbaycan demokratik hüquqi dövlət quruculuğu yolu ilə əzmlə irəlilədi və gələcək inkişafın strateji hədəflərini müəyyən etdi. O inkişaf ki, sonrakı illərdə müstəqil Azərbaycanın daha da qüdrətlənməsi və tərəqqisi üçün möhkəm təməl və potensial rolunu oynadı. Ulu Öndər Heydər Əliyevin milli maraqlara söykənən uğurlu xarici siyasəti ilə Azərbaycanın qonşu ölkələri ilə əlaqələri yaxşılaşdı, Azərbaycan beynəlxalq münasibətlər sisteminə inteqrasiya olundu. Digər qonşu ölkələr ilə yanaşı, İranla münasibətlər də mahiyyət və keyfiyyət etibarilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndər Heydər Əliyevin müdrikliyi və siyasi iradəsi ilə mehriban qonşuluq, qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında İran İslam Respublikası ilə ikitərəfli siyasi, iqtisadi, mədəni münasibətlərin inkişafında sürətli irəliləyiş əldə olundu. “Azərbaycanın və İranın tarixi keçmişi, ölkələrimizin coğrafi vəziyyəti, dövlətlərimizin bugünkü siyasəti bizi bundan sonra da daha sıx əməkdaşlığa dəvət edir” – deyən Ulu Öndər Azərbaycan-İran əlaqələrinin inkişafını diqqət mərkəzində saxlamış, qarşılıqlı münasibətləri yeni mərhələyə yüksəltmişdir.
Bu gün Azərbaycan dünyada müstəqil və bərabərhüquqlu xarici siyasət yeridən ölkə, dünyada etibarlı tərəfdaş kimi tanınır. Ümummilli Liderin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı, xalqın dəstəyindən güc alan prinsipial Lider kimi mübarizlik rəmzinə çevrilən möhtərəm Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalət bərpa edilmiş, işğal altında olan torpaqlarımız azad edilmiş, Zəfər salnaməsi tarixdə öz layiqli yerini almışdır. 44 günlük Vətən müharibəsi zamanı dost və qardaş ölkə İran İslam Respublikası Azərbaycanın haqlı mövqeyini dəstəkləmişdir. İran İslam Respublikası ilə mehriban qonşuluq və ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi zəminində qarşılıqlı olaraq göstərilən səylər və qətiyyətli iradə regionda sülhün davamlılığına və münasibətlərin daha da inkişafına öz töhfəsini verəcəkdir. Bu inkişafın təməlini biz Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətinə borcluyuq.
Müstəqil və qüdrətli Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcək yollarımızı daim işıqlandıracaqdır.