Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı
Ümumi məlumat
Xarici ölkələrdə müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqları (bundan sonra – konsulluqlar) tərəfindən aparılır.
Azərbaycan Respublikasının xarici ölkələrdəki konsulluqları öz səlahiyyətləri daxilində aşağıdakı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirir:
- doğumun qeydə alınması;
- nikahın bağlanmasının qeydə alınması;
- nikahın pozulmasının qeydə alınması;
- atalığın müəyyən edilməsinin qeydə alınması;
- adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması;
- övladlığa götürmənin qeydə alınması;
7) ölümün qeydə alınması.
Eyni zamanda konsulluqlar öz səlahiyyətləri çərçivəsində aşağıdakı əməliyyatları apara bilərlər:
- vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir;
- itmiş qeydləri bərpa edir;
- akt kitablarını saxlayır;
- vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verir;
5) Dövlət sosial sığortası üzrə sığorta olunan şəxs öldükdə, qanunvericiliklə müəyyən edilmiş hallarda sosial sığorta müavinətlərinin alınması üçün müvafiq arayış verir.
Xarici ölkələrdə müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, bir qayda olaraq, konsulluqların yerləşdiyi binada (otaqda) həyata keçirilir. Ehtiyac olduğu təqdirdə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı konsulluqların yerləşdiyi binadan kənarda aparıla bilər və bu halda faktiki xərcləri maraqlı şəxslər tərəfindən ödəməlidir.
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparılması ilə bağlı müraciət edən şəxslər tərəfindən bu əməliyyatın konsulluğun yerləşdiyi binadan kənarda aparılmasından imtina edildikdə əvvəlcədən (faktiki xərclər üçün) ödənilmiş haqq geri qaytarılmalıdır.
Diqqət! Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı zamanı yalnız Azərbaycan Respublikasının dövlət dilində yazılır.
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı (nikahın dövlət qeydiyyatı istisna olmaqla) notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında aparıla bilər.
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr birbaşa olaraq barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir (şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər).
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınmasına görə müraciət etmiş şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada və miqdarda dövlət rüsumu ödəyirlər.
Doğumun və nikahın təntənəli şəraitdə qeydiyyatı mərasimləri vətəndaşların vəsaiti hesabına aparılır.
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formalarını Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınmasına görə qeydiyyat üçün müraciət etmiş şəxslər dövlət rüsumu ödəyirlər. Dövlət rüsumunun ödənilməsinin qaydası və miqdarı, habelə dövlət rüsumunun ödənilmədiyi hallar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyində aşağıdakı normativ-hüquqi sənədlər əsasında tənzimlənir:
- Azərbaycan Respublikasının Ailə Məcəlləsi;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalar”, “Akt kitablarının saxlanması qaydası və müddətləri” və “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları”.
Nikahın bağlanmasının qeydə alınması
Nikahın pozulmasının qeydə alınması
Atalığın müəyyən edilməsinin qeydə alınması