2020-11-05

Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn təməl normalarını pozmağa davam edir

Məlum olduğu kimi, 27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələrinin cəbhəboyu zonada yerləşən Azərbaycan mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv surətdə atəşə tutmalarına cavab olaraq, Azərbaycan ordusu əks hücuma keçmiş və ardıcıl qələbələr qazanaraq işğal altındakı 200-dən çox yaşayış məntəqəsini, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərlərini azad etmiş, bəzi mühüm strateji yüksəklikləri ələ keçirmişdir.

Azərbaycan ordusu qarşısında davam gətirə bilməyən və aciz vəziyyətə düşən Ermənistan silahlı qüvvələri dəfələrlə sınaqdan çıxardıqları terror aktlarına yenidən müraciət etməyə başlamış, beynəlxalq humanitar hüququ kobud surətdə pozmaqla təkcə Dağlıq Qarabağ və ətraf rayonlarda olan mülki əhalini deyil, hətta bu ərazilərdən xeyli uzaqda yerləşən sənaye əhəmiyyətli şəhərlərin mülki əhalisini hədəf seçmiş, Ermənistan ərazisindən - Gorus, Sisian, Cermuk və Berd şəhərlərindən bu mülki hədəfləri raket və artilleriya atəşinə tutmuşdur. Belə ki, Ermənistanın oktyabrın 4-də Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə 4+ kasset tipli “Smerç” raketləri, Xızı və Abşeron rayonlarında əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinə iki 300 km məsafəli orta mənzilli raket, su anbarı və əsas elektrik stansiyası yerləşən Mingəçevirə, oktyabrın 6-da regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirmşdir. Məqsəd bu terror aktı ilə əhalidə qorxu, panika yaratmaq, müharibə şəraitində əhalini enerjisiz qoymaq, iqtisadiyyata zərər vurmaq, eləcə də Azərbaycanı Ermənistan ərazisinə cavab zərbələri vurmağa təhrik etməklə üçüncü dövlətləri müharibəyə cəlb etmək olmuşdur. Bununla da Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə pozulmuşdur.

Ermənistanın bu məkrli təhriklərinə baxmayaraq Azərbaycan tərəfi planlı təxribatlara meydan vermədən beynəlxalq hüququn müvafiq normalarına tam şəkildə riayət etmiş, legitim hərbi hədəflər xaricində qarşı tərəfin mülki vətəndaşlarının və mülki infrastrukturunun zərər çəkməməsinə diqqət göstərmiş, Ermənistanı sülhə məcbur etmək üçün onun hərbi qüvvələrini sıradan çıxarmaqla inamlı irəliləyişini davam etdirmişdir.

Azərbaycan ordusunun uğurlu zərbələri qarşısında sarsılan, işğal altında saxladığı Azərbaycan torpaqlarında təqribən 30 ildir möhkəmləndikləri hərbi-strateji mövqelərindən geri çəkilməyə məcbur olan, çoxsaylı canlı qüvvə və hərbi texnika itirən Ermənistanın populist Baş naziri dünyanın aparıcı dövlətlərinə və beynəlxalq təşkilatlarına dəfələrlə müraciət edərək, vaxtilə formatını dəyişdirməyə cəhd etdiyi danışıqlar masasına təkrar qayıtmağa hazır olduğunu bəyan etmişdir.

Beynəlxalq ictimaiyyətin atəşkəs çağırışlarına cavab olaraq BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən erməni silahlı birləşmələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair tələbləri ehtiva edən 822, 853, 874 və 884 saylı qətnamələrinə bir daha diqqət çəkən Azərbaycan tərəfi də öz şərtini açıqlamış, Ermənistan ordusunun işğal olunmuş ərazilərdən çıxarılması ilə bağlı konkret vaxt cədvəlinin müəyyənləşdirilməsinin və bu cədvəlin münaqişənin həlli prosesində vasitəçi ölkələr olan Minsk qrupunun həmsədrləri tərəfindən təsdiqlənməsinin vacibliyini bildirmişdir.

Belə bir məqamda Rusiya Federasiyasının prezidenti V.Putin yeni təşəbbüslə çıxış edərək tərəfləri humanitar məqsədli atəşkəsə dəvət etmiş və bu təşəbbüs əsasında cari ilin 9-10 oktyabr tarixlərində Moskva şəhərində görüş keçirilmişdir. Görüşün yekununda Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin bəyanatı qəbul edilmişdir. Bəyanatda Rusiya Federasiyasının Prezidenti V.Putinin müraciətinə cavab olaraq və Prezident V.Putin, Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev və Ermənistan Respublikasının Baş naziri N.Paşinyan arasında əldə olunmuş razılığa əsasən 2020-ci ilin 10 oktyabr tarixində, saat 12.00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunmuşdur. Eləcə də Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə nəticəyə hesablanmış substantiv danışıqlara başlayacaqlarına razılıq vermiş, Ermənistan tərəfinin dəyişdirməyə çalışdığı danışıqlar formatının dəyişilməzliyini təsdiq etmişdirlər.

Humanitar atəşkəs çərçivəsində hər iki tərəfdən həyatını itirmiş hərbçilərin Beynəlxalq Qırmızı Xaç Komitəsi xətti ilə döyüş meydanından çıxarılması və onların, o cümlədən hərbi əsirlərin müvafiq olaraq tərəflər arasında dəyişdirilməsi nəzərdə tutulsa da Ermənistan tərəfinin ikiüzlü yanaşması nəticəsində bu əməliyyatların başlanılmasına şərait yaranmamışdır. Belə ki, humanitar atəşkəsin müəyyən olunduğu vaxtdan bir neçə saat sonra Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücuma cəhd etmiş, erməni əsgərlərinin cəsədlərini yığan və üzərinə aydın şəkildə ağ bayraq sancılan sanitar maşını atəşə tutmuş və təmas xəttindən uzaqda yerləşən Azərbaycan şəhərlərinə, o cümlədən ölkənin ikinci ən böyük şəhəri olan Gəncəyə raket zərbələri endirmiş, nəticədə mülki insanların həyatına son qoymuşdur.

11 oktyabr 2020-ci il tarixdə, gecə yarısı insanlar yuxuda ikən Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasına atılan raket nəticəsində 4-ü qadın olmaqla 10 nəfər mülki şəxs həlak olmuş, 16-sı qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanmışdır. Həmçinin həmin gün Ermənistan silahlı qüvvələri Gəncə ilə yanaşı Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını da hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə də raketlər atmışdır. Xoşbəxtlikdən bu raketlər Azərbaycan ordusunun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilmiş, təlafat və xəsarətlərin qarşısı alınmışdır. Oktyabrın 17-də isə yenə gecə saatlarında Gəncə şəhərindəki yaşayış binaları təkrar misli görülməmiş bir qəddarlıqla raket atəşinə tutulmuşdur. Nəticədə 3-ü uşaq olmaqla 14 mülki şəxs qətl edilmiş, 5-i uşaq omaqla 45 nəfərdən çox insan yaralanmış, 2 azyaşlı uşaq isə itkin düşmüşdür.

Təəssüf ki, Ermənistan 28 oktyabrda Bərdə şəhərində yaşayan dinc sakinləri “Smerç” raketləri ilə yenidən atəşə tutmaqla öz mənfur simasını bir daha göstərmişdir. Belə ki, Bərdədə dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirilməsi nəticəsində aralarında uşaq və qadınların da olduğu 21 dinc sakin həlak olmuş, 70-ə yaxın mülki şəxs yaralanmışdır. “Amnesty International” təşkilatı da Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləmişdir.

Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində həyata keçirilən bu barbarlıq - dinc insanların, yaşayış evlərinin, mülki obyektlərin, tibb işçilərinin məqsədli şəkildə atəşə tutulması bu ölkənin beynəlxalq hüququn fundamental normalarının, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarının tələblərinin pozulmasının bariz nümunəsidir. Həmçinin oktyabrın 10-da Moskvada qəbul edilən birgə bəyanat, oktyabrın 18-də Parisin vasitəçilik səyləri ilə öhdəliyin yenidən elan edilməsi və oktyabrın 24-də Vaşinqtonda təcili humanitar atəşkəsin həyata keçirilməsi razılığı Ermənistan tərəfindən kobud şəkildə pozulmuşdur.

Əfsuslar olsun ki, Azərbaycanın dinc əhalisi hələ də Erməni silahlı qüvvələrinin hədəfi olmağa davam edir. 27 sentyabr 2020-ci il tarixdən 04 noyabr 2020-ci il tarixədək olan rəsmi statistikaya görə 11-i uşaq olmaqla, 91 azərbaycanlı dinc sakin Ermənistan silahlı qüvvələri tərəfindən öldürülmüş, 405 nəfər isə yaralanmışdır.

Bununla belə, Ermənistan xarici kütləvi informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə törətdiyi cinayətləri pərdələməyə, həmin əməllərdən boyun qaçırmağa yönələn xəbərləri tirajlamaqla qanunsuz əməllərini təkzib etməyə cəhdlər göstərir. Qeyd olunan bu təxribatlarla bağlı beynəlxalq ictimaiyyət öz səsini ucaltmalı, erməni yalanları ifşa olunmalı və Ermənistan dövlət səviyyəsində həyata keçirdiyi bu terror əməllərindən çəkindirilməlidir. Əks təqdirdə Azərbaycan da adekvat tədbirlər görməyə və legtim erməni hədəflərini məhv etməyə məcburdur. Bunun məsuliyyəti isə Ermənistan rəhbərliyinin üzərinə düşür.

Nəticə etibarilə 1992-ci ilin fevralında, bütün dünyanın gözü qarşısında Xocalı şəhərində mülki vətəndaşların, günahsız, dinc müsəlmanların qətliama məruz qaldığı faktını unuda bilməyən Azərbaycan xalqı Ermənistanın öz havadarlarının da dəstəyi ilə son günlərdə atdıqları raket zərbələri ilə günahsız insanları yenidən öldürməsinə sakit tərzdə tamaşa edə bilməz. Gəncədə, Bərdə və digər cəbhə bölgəsindən uzaq şəhərlərdə mülki yaşayış evlərinin ballistik raketlərlə vurulması Xocalı soyqırımını xatırladan növbəti qanlı aktlardır. Bütün bunlar Ermənistan silahlı qüvvələrinin indiyədək ciddi beynəlxalq təzyiqlə üzləşməməsinin və tamamilə cəzasız qalmasının nəticəsidir.

Artıq Azərbaycan xalqı beynəlxalq arenada insan hüquqlarından dəm vuran, haqdan, ədalətdən moizələr oxuyan dövlətləri və beynəlxalq təşkilatları yanında gömək və səslərini eşitmək istəyir. Baş verən bu cinayətlər qarşısındakı səssizlik ölkə ictimaiyyəti tərəfindən Ermənistanın müharibə cinayətlərinə göz yummaq və ya şərik olmaq kimi başa düşülür. Dinc əhalini, yaşayış məskənlərini, mülki evləri, tibb ocaqlarını, məktəbləri, tarixi və mədəniyyət abidələrini raket atəşinə tutmaq müharibə cinayəti və faşizm əməlidir. Beynəlxalq aləm, xüsusilə də BMT-nin aidiyyəti strukturları, ATƏT-in Minsk qrupunun həmsədrləri məsələyə dərhal ədalətli yanaşma nümayiş etdirməli, Azərbaycanın ərazi bütövlüyünün həllinə və vətəndaşlarının təhlükəsizliyinin təminatına beynəlxalq hüquq çərçivəsində öz adil töhfəsini verməlidir. Bu baxımdan İran İslam Respublikasının rəsmi surətdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, hər iki tərəfi beynəlxalq hüquqa və ərazi bütövlüyünə hörmət əsasında danışıqlara dəvət edən çağırışları və işğal olunmuş Azərbaycan ərazilərinin boşaldılmasına dair ədalətli tələbi məmnuniyyət yaratmaqdadır.

Arxiv üzrə axtarış