Nazir Ceyhun Bayramovun İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Arağçı ilə görüşünə dair mətbuat məlumatı
3 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında iştirakı çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Arağçı ilə görüşüb.
Görüşdə Azərbaycan və İran arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiyalar sahələri üzrə birgə layihələr, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Nazir Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasının yüksək səviyyədə təşkilinə, habelə Təşkilata uğurlu sədrliyə görə İran tərəfini təbrik edib.
Nazir Ceyhun Bayramov iki ölkə arasında tarixi qonşuluq, dostluq, mədəni bağlara əsaslanan əməkdaşlığın inkişafında ali və yüksək səviyyəli dialoqun, qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirəsinin vacibliyini qeyd edib.
Xüsusilə energetika və nəqliyyat dəhlizləri sahəsində Azərbaycan-İran əməkdaşlığının inkişafı istiqamətində bir sıra vacib təşəbbüslərin həyata keçirildiyi, əldə olunan razılıqların və onların icrasının əhəmiyyəti qeyd olunub. İran ərazisindən keçərək Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Şərqi Zəngəzur iqtisadi bölgəsini əlaqələndirəcək regional nəqliyyat və infrastruktur layihələrinin əhəmiyyəti diqqətə çatdırılıb.
Regional və beynəlxalq çoxtərəfli platformalar, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.