2023-01-21

Təbrizdə nəşr olunan "Sorxab" qəzetində "AZƏRBAYCAN RESPUBLİKASINDA 20 YANVAR FACİƏSİ QURBANLARININ ƏZİZ XATİRƏSİ YAD EDİLİR" sərlövhəli məqalə dərc olunub

Hər bir xalqın keçmişində həm faciəvi səhifələrə, həm də qəhrəmanlıq salnamələrinə rast gəlmək mümkündür. Çox nadir hallarda isə tarix bu iki məqamın üst-üstə düşdüyü hadisələrə şahidlik etmişdir. 1990-cı ilin 20 Yanvar tarixi də həm misli görülməmiş qanlı faciə, həm də istiqlaliyyətə aparan dönməz mübarizə və qəhrəmanlıq dastanı kimi Azərbaycan Respublikasının tarixinə həkk olunmuşdur. Ona görə də bu il 33-cü ildönümü tamam olan həmin hadisələri xatırlayarkən hüzn və qürur hissini eyni anda yaşayır, günahsız vətəndaşlarımızın qətlinə kədərlənir, onların ali dəyərlər naminə ölümə meydan oxuyan şücaətləri ilə fəxr edirik.  

Xalqımızın iradəsinin sınağa çəkildiyi 20 Yanvar faciəsinə gedən yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlamışdır. Artan xətt üzrə davam edən gərginliyin səbəblərini ortadan qaldırmaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət törətməyi seçmişdir. Birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri həmin gecə Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilmişdir.

Ümumxalq hərəkatının qarşısını almaq və xalqımızın müstəqillik əzmini qırmaq məqsədi güdən SSRİ Ali Sovetinin Rəyasət Heyəti 19 yanvar 1990-cı il tarixdə Azərbaycan SSR Ali Sovetinin razılığı olmadan yanvarın 20-də saat 00:00-dan etibarən “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman vermişdir. Xalqı qəfildən yaxalamaq, ona divan tutmaq üçün qoşunlardan istifadə ediləcəyi, aman verilməyəcəyi, habelə ən başlıcası fövqəladə vəziyyətin elan olunacağı vaxt gizli saxlanılmışdır. Xalqa məlumat verilməsin deyə yanvarın 19-da saat 19:27-də Azərbaycan Televiziyasının enerji bloku partladılaraq sıradan çıxarılmışdır. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00:00-dan başlanmasına göstəriş verildiyinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən şəhərə yeridilmişdir.

“Zərbə” kod adı altında törədilən bu qanlı əməliyyatda əsgərlər gözyaşardıcı qazdan istifadə etmiş, əliyalın adamlara avtomat silahlardan atəş açmışdırlar. Qaçıb sığınacaqlarda gizlənənlər tanklar üzərindəki projektorların köməyi ilə axtarılıb tapılmış, gülləbaran edilmişdirlər. Hərbçilər təsadüfən yola çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını, şəhər nəqliyyatını atəşə tutmuş, yaralıları öldürmüş, meyitləri yandırmış, təhqir etmiş, adamları tankların tırtılları altına salıb əzabla öldürmüş, eybəcər hala salmışdırlar. Eləcə də əsgərlər tibb müəssisələrini mühasirəyə alaraq yaralı mülki şəxslərin buraya gətirilməsinə, habelə tibbi heyətin yaralılara köməyə getməsinə mane olmuşdurlar. Bunlara paralel olaraq dinc əhali arasında da kütləvi həbslər aparılmışdır. Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumat isə kütləvi insan qırğını törədildikdən sonra - 20 yanvar, saat 05:30-da radio vasitəsilə efirə vermişdir.

Baş verənlər Bakı şəhəri ilə məhdudlaşmamış, fövqəladə vəziyyət elan edilməyən rayonlarda – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda da dinc əhali qətlə yetirilmişdir.

Keçmiş sovet hərb maşının Azərbaycan Respublikasında törətdiyi bu qanlı qırğın mahiyyətinə görə dövlətin öz vətəndaşlarına qarşı tarixdə misli görünməmiş təcavüz aktı və qətliamı idi. Keçmiş SSRİ və Azərbaycan SSRİ Konstitusiyalarının kobud şəkildə pozulması idi. Həmin gün SSRİ rəhbərliyi dinc əhalinin üstünə qoşun yeritməklə BMT Nizamnaməsinə, beynəlxalq hüquq normalarına məhəl qoymamış, iştirakçısı olduğu Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın bir sıra müddəalarını pozmuşdur.

Beynəlxalq hüquqa əsasən, 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməlidir. Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun 7-ci maddəsinə əsasən, insanların məhv edilməsi, məcburi yoxa çıxarılması, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib edilməsi, işgəncə, qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlər insanlıq əleyhinə cinayət kimi tövsif edilir.

Əfsuslar olsun ki, həmin dövrdə Azərbaycan SSR-i idarə edən kommunist rəhbərlərin səhv addımları və yanlış siyasi yanaşmaları əhali ilə aralarında uçurum yaratmışdı. Məhz belə bir ağır şəraitdə xalqımızın böyük oğlu Heydər Əliyev SSRİ-nin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətliama öz cəsarətli etiraz səsini ucaltmışdır. Sovet imperiyasının bütün təzyiqlərinə baxmayaraq ulu öndər Heydər Əliyev yanvarın 21-də öz ailə üzvləri ilə birlikdə Azərbaycan SSR-in Moskvadakı Daimi Nümayəndəliyinə gələrək burada təşkil olunmuş, 6 minədək adamın iştirak etdiyi izdihamlı yığıncaqda çıxış etmiş, bu ağır günlərdə yaralı, heç yerdən kömək ala bilməyən doğma xalqı ilə birgə olduğunu bəyan etmişdir. O, çıxışında və verdiyi müsahibələrdə 20 Yanvar faciəsinə siyasi qiymət vermiş, əliyalın xalqın qətliamını hüquqa, demokratiyaya, humanizmə zidd, İttifaq və respublika rəhbərlərinin günahı ucbatından yol verilmiş kobud siyasi səhv kimi ifşa etmişdir. Heydər Əliyev qorxmadan, özü və ailəsi üçün yaranmış real təhlükəyə baxmayaraq M.Qorbaçov başda olmaqla SSRİ rəhbərlərinin əsl simasını göstərmişdir. Heydər Əliyev Azərbaycan xalqına verdiyi başsağlığında onu bu ağır gündə təmkinli olmağa, həmrəyliyə və birliyə çağırmışdır. Ulu öndər Heydər Əliyevin tövsiyələrini rəhbər tutan xalqımız Bakıda fövqəladə vəziyyət olmasına baxmayaraq, yanvarın 22-də öz şəhidləri ilə vidalaşmışdır. Həmin gün “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirmişdir. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak etmişdir. 20 Yanvar şəhidləri şəhərin ən uca yerində - Dağüstü parkda dəfn edilmişdir. Bu gün Şəhidlər Xiyabanı adlanan həmin məkan Azərbaycan Respublikasında şəhidə və şəhidliyə ehtiramın simvoluna çevrilmişdir.

 Nəticə etibarilə Sovet ordusunun törətdiyi 20 Yanvar faciəsi xalqın iradəsini qıra bilməmiş və daha da genişlənən azadlıq mübarizəsi 1991-ci ildə Azərbaycan Respublikasının öz müstəqilliyini bərpa etməsi ilə nəticələnmişdir. Ona görə də 20 yanvarda baş verənlər faciə olmaqla yanaşı, həm də xalqımızın iradəsinin sarsılmazlığını, mətinliyini göstərmiş tarixi hadisələrdir.

20 Yanvar faciəsinə Azərbaycan Respublikasında ilk dəfə dövlət səviyyəsində hüquqi-siyasi qiymət 1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə verilmişdir. Belə ki, Ümummilli Liderin tövsiyəsi ilə Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilmişdir. 20 Yanvar tarixi isə “Ümumxalq Hüzn günü” elan edilmişdir. Hər il həmin tarixdə şəhidlərin xatirəsi yüz minlərlə insan tərəfindən ehtiramla yad edilməkdədir.

Bu tarix həm də Azərbaycan Respublikasının suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir. Çünki 20 Yanvar şəhidləri bu ali dəyərlər uğrunda Azərbaycan Respublikasında canlarından keçən ilk şəhidlərdir. Azərbaycan Respublikasının müstəqilliyi və suverenliyi uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədilə ulu öndər Heydər Əliyevin 1998-ci il tarixli Fərmanı ilə Qanlı Yanvar faciəsi zamanı həlak olmuş Azərbaycan Respublikası vətəndaşları üçün “20 Yanvar şəhidi” fəxri adı təsis edilmişdir.

Azərbaycan Respublikasında şəhədlərin əziz xatirəsinə və onların ailələrinə hər zaman xüsusi diqqət və ehtiram göstərilir. “Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar” deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir.  

Hər il yanvar ayının 20-də başda ölkə başçısı cənab İlham Əliyev olmaqla bütün dövlət və ictimaiyyət nümayəndələri Bakıdakı Şəhidlər Xiyabanını ziyarət edir və şəhidlərə öz ehtiramlarını bildirirlər. Eləcə də Azərbaycan Respublikasının bütün bölgələrində mövcud olan Şəhidlər Xiyabanları yerli əhali tərəfindən ziyarət olunur. Həmin gün saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilir, Respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində, o cümlədən xaricdəki diplomatik nümayəndəlik və konsulluqlarında 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar hüzn əlaməti olaraq Azərbaycan Respublikasının dövlət bayraqları yarıya endirilir və müxtəlif xatirə tədbirləri keçirilir.

Bir sözlə, milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi Azərbaycan Respublikası və xalqının öz azadlığı uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Bu səbəblə 20 Yanvar faciəsinin 33-cü ildönümü ərəfəsində ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqının azadlığını hər şeydən yüksək tutan, bu yolda həyatlarını qurban verərək şəhidlik zirvəsinə ucalan qəhramanların xatirəsini dərin ehtiramla yad edir, haqq-ədalət uğrunda canından keçən bütün şəhidlərə rəhmət diləyirik!

Allah rəhmət eləsin!

Arxiv üzrə axtarış