Tehranda Azərbaycan ilə İƏT-in əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə edilib
Sentyabrın 22-də Azərbaycan Respublikasının İrandakı səfiri, eyni zamanda İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) yanında daimi nümayəndəsi Əli Əlizadə təşkilatın baş katibi Xusrav Noziri ilə görüşüb.
Səfir Azərbaycanın İƏT ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini qeyd edərək ölkəmizin təşəbbüsü ilə təşkilat çərçivəsində həyata keçirilən bir sıra mühüm layihələrin bunu bir daha təsdiq etdiyini bildirib. İƏT çərçivəsində ticarət, investisiya, nəqliyyat, enerji, turizm və ətraf mühit sahələri üzrə əməkdaşlığın önəmini vurğulayan səfir Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin, istifadəyə verilmiş liman və azad iqtisadi zonaların, ölkəmizin təşəbbüsü ilə Bakıda fəaliyyət göstərəcək İƏT Tədqiqat Mərkəzinin və digər bu kimi layihələrin regional əməkdaşlığa öz tövhəsini verdiyini qeyd edib.
Ermənistan-Azərbaycan Qarabağ münaqişəsi zamanı İƏT-in ölkəmizin ərazi bötüvlüyünə göstərdiyi dəstəyə görə təşəkkür edən və bu dəstəyi yüksək qiymətləndirən səfir, 44 günlük Vətən Müharibəsi nəticəsində torpaqlarımızın erməni işğaldan azad olunması ilə regionda yeni reallıqların və əməkdaşlıq üçün yeni imkanların yarandığını bildirib. Diplomat təşkilata üzv olan ölkələrin şirkətlərinin və biznes dairələrinin bu ərazilərdə də sərmayə qoyuluşu həyata keçirərək təklif edilən imkanlardan yararlana biləcəyini diqqətə çatdırıb. Səfir Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi kimi xidməti müddətində təşkilat çərşivəsində qarşılıqlı səmərəli əməkdaşlığın daha da artırılmasına və müştərək layihələrin həyata keçirilməsinə öz tövhəsini verməyə çalışacağını bildirib.
Xusrav Noziri səfir Ə.Əlizadəni Azərbaycan Respublikasının İran İslam Respublikasına səfiri, eyni zamanda İƏT yanında daimi nümayəndə təyin olunması münasibətilə təbrik edib. Baş katib Azərbaycanın İƏT-in vacib ölkələrindən biri olduğunu, təşkilat çərçivəsində əməkdaşlığa göstərdiyi diqqət və aktiv fəaliyyətə görə təşəkkürünü bildirib. Qarşıdan gələn İƏT-in 15-ci Zirvə toplantısı və 25-ci Nazirlər Şurasının iclasının təşkili istiqamətində gərgin işlərin getdiyini vurğulayan X.Noziri bu tədbirlərin üzv ölkələrin birgə səyləri nəticəsində uğurla başa çatacağına ümidvar olduğunu bildirib və səfir Əli Əlizadəyə fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıb.