2021-02-25

Xocalı soyqırımı bəşəriyyət əleyhinə törədilmiş cinayətdir

Yüz illər boyunca erməni şovinist millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı aparılan məqsədli soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifələrindən olan, öz amansızlığına və qəddarlığına görə bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biri hesab edilən Xocalı soyqırımının törədilməsindən 29 il ötür.

Bu genosidin törədilməsindən öncəki vəziyyətə nəzər salsaq görərik ki, hələ 1988-ci ilin əvvəllərində ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırmaq və Ermənistana birləşdirmək məqsədilə mənfur planlarını həyata keçirmək üçün Azərbaycana qarşı təcavüzkar fəaliyyətlərə başlamışdılar. 1991-ci ilin sonu, 1992-ci ilin əvvəllərində silahlı əməliyyatlar və Ermənistanın Azərbaycana qarşı hücumları intensivləşmiş, Dağlıq Qarabağın tərkibindəki rayonlardan biri olan və sakinlərinin əksəriyyəti azərbaycanlılardan ibarət Xocalı bu əməliyyatlardan birinin hədəfinə çevrilmişdi. Xankəndidən 10 kilometr cənub-şərqdə strateji məntəqədə yerləşən və Dağlıq Qarabağın yeganə hava limanının yerləşdiyi Xocalı fevralın ikinci yarısından başlayaraq, Ermənistan hərbi birləşmələri tərəfindən tam mühasirəyə alınmışdı. Dinc sakinlərin dəstə halında və ya təklikdə mühasirədən çıxmaq üçün göstərdiyi bütün cəhdlərin qarşısı alınırdı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, keçmiş SSRİ-nin 366-cı alayının köməyi ilə mühasirədəki Xocalı şəhərinin dinc əhalisi üzərinə ağır hərbi texnika yeridərək onlara misli görünməmiş qəddarlıqla divan tutdu, şəhər barbarcasına yerlə-yeksan edildi. Yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş bu dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı vəhşicəsinə qətlə yetirildi, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi. Nəticədə 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Bundan başqa, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər girov götürüldü. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu vaxtadək məlum deyil. Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirmişdilər. Onların başının dərisini soymuş, başlarını və bədənlərinin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışdılar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar Ermənistanın Cenevrə konvensiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı törətdiyini təsdiqləyir. Bu faciəni törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ ilə yanaşı, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını da işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində ümumilikdə Birinci Qarabağ müharibəsi dövründə 20 mindən çox azərbaycanlının həyatına son qoyuldu, torpaqlarımızın 20 faizi işğala məruz qaldı. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.

Bu soyqırımının törədilməsindən sonra ən mühüm məsələ ona siyasi-hüquqi qiymət verilməsi və bu faciənin beynəlxalq səviyyədə tanınması idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımına dövlət səviyyəsində münasibət bildirildi, ulu öndərin rəhbərliyi ilə bu faciəyə siyasi-hüquqi qiymət verildi, 26 fevral - Xocalı Soyqırımı Günü elan edildi. Xocalı soyqırımına beynəlxalq ictimai diqqətin cəlb edilməsi və onun tanıtdırılması istiqamətində ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan cənab İlham Əliyevin rəhbərliyi ilə mühüm addımlar atıldı. 2008-ci ildə başlanmış “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalıdakı cinayətə hüquqi-siyasi qiymətin verilməsi, Xocalı soyqırımının tanınması istiqamətində dünyanın bir çox ölkələrində sistemli tədbirlərin uğurla həyata keçirilməsinə başlandı. Məhz beynəlxalq məlumatlandırma kampaniyaları nəticəsində dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı qərarlar qəbul edildi. Artıq Pakistan, Meksika, Kolumbiya, Peru, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya, Cibuti və Paraqvay parlamentləri Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisindən tanımışlar. Xocalı soyqırımı ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən ölkələrdən biri də İran İslam Respublikası olmuşdur. Belə ki, 4 qitədən 57 üzv ölkənin, o cümlədən İran İslam Respublikasının da daxil olduğu İslam Əməkdaşlıq Təşkilatı yekdil və birmənalı mövqe sərgiləyərək Xocalı faciəsini “soyqırımı aktı” və “insanlığa qarşı törədilmiş cinayət” kimi tanımışdır.

Birinci Qarabağ müharibəsi və Xocalı soyqırımının baş verməsindən 30 ilə yaxın müddət keçməsinə, çoxsaylı şəhidlərimizin olmasına və Azərbaycan ərazilərinin bir qisminin işğal altına düşməsinə baxmayaraq, Azərbaycan xalqının mətin iradəsi heç vaxt sarsılmadı, əksinə milli birlik və həmrəylik daha da gücləndi, hər bir azərbaycanlı öz əməli addımları ilə tarixi ədalətin bərpa ediləcəyi günü daha da yaxınlaşdırdı. 27 sentyabr 2020-ci il tarixindən başlayan növbəti erməni təxribatları düşmənin sarsılması və təslimiyyəti ilə nəticələndi. Möhtərəm prezident İlham Əliyevin ali baş komandanlığı altında 44 gün davam edən İkinci Qarabağ müharibəsində qəhrəman və müzəffər Azərbaycan ordusu tarixi ədaləti bərpa edərək işğal altında olan əraziləri azad etdi. Xocalı soyqırımı zamanı ata-anasının qucağında xilas ola bilmiş azyaşlı uşaqlar 30 il sonra  tank üstündə, əlində silah və hətta əlbəyaxa döyüşlə müzəffər Azərbaycan bayrağı altında dədə-babalarının zorla qovulduğu doğma yurd-yuvalarını azad etməyə və oraya geri qayıtmağa nail oldular.

İkinci Qarabağ müharibəsi dövründə də müharibə cinayətlərindən və insanlıq əleyhinə yönəlmiş çirkin əməllərindən əl çəkməyən işğalçı Ermənistan Respublikasının silahlı qüvvələri BMT Nizamnaməsini, 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüquq normalarını, humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə aldı, yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raketlərdən mütəmadi olaraq atəşə tutdular. Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə, böyük su anbarının yerləşdiyi sənaye şəhəri olan Mingəçevir, Bərdə, Tərtər, Siyəzən, Kürdəmir, Qəbələ, Beyləqan, Ağcabədi, Yevlax rayon və şəhərləri, habelə Azərbaycanın Xızı və Abşeron rayonlarında əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri və əhəmiyyətli infrastrukturlar Ermənistan ərazisindən məqsədyönlü şəkildə raket hücumlarına məruz qaldı. Bütün bunlara baxmayaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi, uğurlu siyasəti, qətiyyətli addımları, siyasi iradəsi, Azərbaycan xalqının onun ətrafında dəmir yumruq kimi birləşməsi ilə Ermənistanın növbəti təcavüz aktına layiqli cavab verildi, Azərbaycanın hərbi və siyasi qələbəsi ilə Ermənistan təslim olmağa məcbur edildi, işğala son qoyuldu. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız artıq azaddır, bundan sonra bərpa və yenidənqurma işləri sayəsində mənfur düşmən tərəfindən yerlə-yeksan edilmiş doğma torpaqlarımız yenidən dirçələcəkdir.

Bu il Xocalı soyqırımını 29 il sonra ilk dəfə olaraq torpaqlarımızın işğaldan azad edilməsi fonunda yad edirik. Lakin tarix heç vaxt unudulmur və tarix onu unudanları bağışlamır. Bugün faciə qurbanlarının xatirəsini ehtiramla və dərin hüznlə yad etdiyimiz Xocalı faciəsi, Xocalı şəhərində törədilmiş cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş definisiyaya tam uyğun gəldiyini sübut edir. Bəşəri cinayət olan Xocalı soyqırımının təşkilatçıları Ermənistan Respublikasının siyasi və dövlət rəhbərliyi, birbaşa icraçıları isə Ermənistan silahlı qüvvələrinin bölmələri, Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşmiş 366-cı motoatıcı alayının şəxsi heyətidir. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırımı aktı kimi beynəlxalq siyasi-hüquqi qiymət verilməsi prosesini davam etdirməli və cinayətkarların cəzalandırılması üçün qətiyyətli iradə sərgiləməlidirlər.  

Xocalı faciəsinin qurbanlarına və torpaqlarımızın ərazi bütövlüyü uğrunda öz canlarından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.

 

Arxiv üzrə axtarış