20 Yanvar Azərbaycan Respublikasında Ümumxalq Hüzn Günüdür
Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 31 il ötür. 31 il əvvəl, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində ədalət tələb etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törətmişdir. Bu dəhşətli qətliam və qanlı cinayət ermənilərlə müqayisədə Azərbaycan xalqına qarşı daima ikili standart nümayiş etdirən Sovet İttifaqına və onun rəhbərliyinə qarşı nifrət hissini gücləndirmiş, meydanlara axın edən sadə vətəndaşların azadlıq eşqini daha da alovlandırmış və Azərbaycan xalqının qanı bahasına da olsa, Azərbaycan Respublikasının yenidən müstəqilliyə qovuşması ilə bağlı ictimai-siyasi prosesləri sürətləndirmişdir.
1990-cı il yanvar faciəsinə gedən yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlamışdır. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət törətməyi seçmişdir. Birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilmiş, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirilmişdir. Eləcə də dinc əhali arasında kütləvi həbslər də aparılmışdır.
Həmin gecə Azərbaycan xalqına qarşı törədilmiş bu cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktı idi. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olmuş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz olaraq həbs edilmiş, bir sözlə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulmuşdur. Ekspertlərin rəylərinə görə Sovet qoşunlarının hərəkətlərində 1945-1946-cı illərdə keçirilmiş və tarixə Nürnberq prosesi kimi düşmüş beynəlxalq tribunalda pislənilən bütün əlamətlər müşahidə edilmişdir.
Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycan SSRİ-nin Moskvadakı daimi nümayəndəliyinə gedərək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirmiş, keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləmiş, əliyalın xalqa qarşı törədilən bu terroru hüquqa, demokratiyaya və insanlığa zidd aksiya adlandırmışdır. Hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə Ulu Öndərin bu cür bəyanatla çıxış etməsi təklənmiş Azərbaycan xalqı üçün xüsusi əhəmiyyətə malik idi.
Aydındır ki, SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda ölkəni və onun başçısını paytaxtın özündə tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Ancaq ulu öndərimiz öz bəyanatında açıq şəkildə o zamankı SSRİ rəhbərinin birbaşa göstərişi ilə tökülən qanlara etiraz etdiyini, insanların azadlıq istəyinin məhv edilməsinin mümkünsüzlüyünü söyləmiş, ağır günlərdə xalqının yanında olduğunu bir daha sübut etmişdir.
Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərmişdir. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirmişdir. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak etmişdir.
20 Yanvar faciəsinə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində hüquqi-siyasi qiymət isə 1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə verilmişdir. Belə ki, ümummilli liderin tövsiyəsi ilə Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilmişdir.
Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Ulu öndər Heydər Əliyev 1990-cı ilin 20 Yanvar gecəsi məhz belə bir zirvəni fəth edib əbədiyaşarlıq hüququ qazanan Vətən oğullarının fədakarlığını yüksək qiymətləndirərək demişdir: “20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır”.
Tarix və zaman həmişə olduğu kimi, bu dəfə də uzaqgörən və müdrik şəxsiyyəti haqlı çıxarmışdır. Azərbaycan xalqının igid oğul və qızları müstəqil Azərbaycan Respublikasının ilk şəhidləri olan 20 Yanvar şəhidlərinin yolunu davam etdirmiş, lazım gəldikdə gözlərini qırpmadan canlarından keçməkdən çəkinməmişlər. Bunun ən son nümunəsi 2020-ci ilin 27 sentyabar-10 noyabr tarixlərində baş verən 44 günlük Vətən müharibəsində yaşanmışdır. Azərbaycan Respublikasının şanlı qələbəsi ilə nəticələn bu müharibədə 2800 nəfərdən artıq Azərbaycan əsgəri şəhidlik zirvəsinə yüksəlmişdir. 20 Yanvar şəhidləri Azərbaycan Respublikasının azadlığı uğrunda namərd gülləsinə sipər olmuşdurlarsa, Vətən müharibəsinin şəhidləri müstəqil Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş, 30 ildən sonra mənsub olduqları xalqın cəsarət və qəhramanlığını yenidən bütün dünyaya nümayiş etdirmişdirlər.
Azərbaycanda şəhədlərin əziz xatirəsinə və onların ailələrinə hər zaman xüsusi diqqət və ehtiram göstərilir. “Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar”, - deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.
Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi Azərbaycan xalqının öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Bu səbəblə 20 Yanvar faciəsinin 31-ci ildönümü ərəfəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqının azadlığını hər şeydən yüksək tutan, bu yolda həyatlarını qurban verərək şəhidlik zirvəsinə ucalan qəhramanların xatirəsini dərin ehtiramla yad edir, haqq-ədalət uğrunda canından keçən bütün şəhidlərə rəhmət diləyirik!
Allah rəhmət eləsin!