2020-12-09

No:459/20, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhani ilə görüşünə dair məlumatı

9 dekabr 2020-ci il tarixində İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşü keçirilib.

Prezident Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə isti salamlarını və xoş arzularını çatdırdı. Prezident Həsən Ruhani Azərbaycanın ərazilərinin işğaldan azad olunmasını məmnunluqla qeyd etdi. İranın hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi vurğulandı.

İki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinin əhəmiyyəti qeyd olundu. Qonşu və dost ölkələrimizin həyata keçirməyə çalışdığı beynəlxalq əhəmiyyətli iqtisadi layihə olan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan Rəşt-Astara dəmir yolunun inşasının sürətləndirilməsinin zəruriliyi vurğulandı.

Nazir Ceyhun Bayramov Azərbaycan Redpublikası Prezidenti İlham Əliyevin səmimi salamlarını İran İslam Respublikasının Prezidentinin diqqətinə çatdırdı. Nazir dost və qonşu İranın Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirdi.

Azərbaycanın ərazilərinin işğaldan azad olunması və sərhədin bərpa olunmasının ölkələrimiz arasında əməkdaşlıq layihələri üçün yeni imkanlar açdığı qeyd olundu. Azərbaycan və İran arasındakı sərhəd dostluq və iqtisadi inkişaf sərhədi adlandırıldı.

Arxiv üzrə axtarış