2020-11-05

Ermənistan tərəfindən Azərbaycan Respublikasında uşaqlara qarşı törədilən kobud hüquq pozuntuları davam edir

Təxminən otuz ildir ki, Azərbaycan Respublikasında yüz minlərlə uşaq Ermənistanın davamlı təcavüzündən və onun uzunmüddətli təsirlərindən əziyyət çəkir. Bu müddət ərzində Ermənistan mənəvi öhdəliklərinə və qanunla nəzərdə tutulmuş məsuliyyətinə məhəl qoymayaraq azərbaycanlı uşaqları beynəlxalq sənədlərdə təsbit olunmuş əsas hüquqlardan, habelə Uşaq Hüquqları Konvensiyasında təsbit edildiyi kimi BMT Nizamnaməsində elan edilmiş ideallar, xüsusilə də barış, ləyaqət, bərabərlik və həmrəylik ruhunda tərbiyə edilmək hüququndan məhrum etmişdir. Ermənistan Mülki şəxslərin müdafiəsi haqqında IV Cenevrə Konvensiyası və I Əlavə Protokolla uşaqlar üçün təmin edilməli olan müdafiəni, xüsusilə yaşamaq hüququ, fiziki cəza, işgəncə və kollektiv cəzanın qadağan edilməsi, eləcə də bu sənədlərdə müəyyən edilmiş müharibənin aparılması qaydaları, o cümlədən mülki şəxslər və döyüşçülər arasında fərq qoymağın zəruriliyi və mülki şəxslərə qarşı hücumların qadağan edilməsi kimi qaydaları daim pozmuşdur. Bundan əlavə, Ermənistan, I Əlavə Protokolda yer alan “uşaqlar xüsusi hörmət obyekti olmalı və hər cür nalayiq hücumlardan qorunmalıdırlar” kimi müəyyənləşdirilmiş xüsusi qoruma prinsipindən irəli gələn öhdəliyinə açıq şəkildə məhəl qoymamışdır.

Ermənistan əhalini qorxutmaq və qaçmağa məcbur etmək üçün soyqırımı aktından istifadə etmiş və etməkdədir. Yalnız 1992-ci ildə Xocalı qətliamında, 63-ü uşaq olmaqla 613 mülki şəxs Ermənistan silahlı qüvvələri tərəfindən vəhşicəsinə öldürülmüş və bir çoxu şikəst edilmişdir. IV Cenevrə Konvensiyasının 49-cu maddəsinə zidd olaraq üçdə biri uşaq olan 1 milyon azərbaycanlı zorla evlərindən qovulmuşdur. Təxminən 15 il məcburi köçkün uşaqların böyük bir hissəsi Azərbaycan Respublikası hökumətinin böyük səyləri və ayırdığı büdcə vəsaitləri sayəsində sonradan ləğv edilmiş çadır şəhərciklərində və dəmir yolu vaqonlarından ibarət kəndlərdə yaşamaq məcburiyyətində qalmışdır. Azərbaycandakı məcburi köçkün uşaqlar, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri də daxil olmaqla, müvafiq sənədlərin müddəalarına baxmayaraq, təhlükəsiz şəkildə və ləyaqətlə öz torpaqlarına könüllü qayıtmaq hüququndan yararlana bilmirlər.

IV Cenevrə Konvensiyasının uşaqlara qayğı və təhsillə bağlı bütün qurumların fəaliyyətinin işğalçı dövlət tərəfindən təmin edilməsini nəzərdə tutan 50-ci maddəsinin əksinə olaraq, Ermənistanın Azərbaycan Respublikasına qarşı davamlı silahlı təcavüzü ölkəmizdə uşaqlar üçün infrastruktura ciddi ziyan vurmuşdur. Özünü Təhlükəsiz Məktəb Bəyannaməsinin “dəstəkçilərindən” biri kimi təqdim edən Ermənistan, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki 1107 təhsil obyektinin və 855 uşaq bağçasının tamamilə məhv edilməsinə cavabdehdir. Etnik təmizləmə siyasəti nəticəsində bütün azərbaycanlı məktəblilər və tələbələr doğma yurdlarından didərgin salınıblar. On minlərlə azərbaycanlı uşaq təhsil hüquqlarını davamlı köçkünlükdən qaynaqlanan ciddi problemlərlə üzləşərək həyata keçirirlər. Cəbhə xəttinə yaxın ərazilərdə yaşayan çoxlu sayda uşaq daima Ermənistan silahlı qüvvələrinin mülki şəxsləri hədəfə alan atəş təhlükəsi altında dərslərinə qatılırlar.

IV Cenevrə Konvensiyasının girov götürülməsini açıq şəkildə qadağan edən 34-cü maddəsinə və Uşaq Hüquqları Konvensiyasının 38-ci maddəsinin 1-ci və 4-cü bəndlərinə zidd olaraq, 224 uşaq Ermənistan tərəfindən girov götürülmüş və sonradan sərbəst buraxılmış, 29 uşaq hələ də erməni girovluğunda sayılır. 71 uşaq isə itkin düşmüşdür.

Atəşkəs rejimi dövründə də Ermənistan uşaqları hədəf olaraq istifadə etmək kimi çirkin fəaliyyətlərdən çəkinməmişdir. Bu müddət ərzində 35-dən çox Azərbaycanlı uşaq Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmişdir.

27 sentyabr 2020-ci il tarixdə isə Ermənistanın silahlı qüvvələri Azərbaycana qarşı yeni hərbi təcavüzə əl atmışdır. 04 noyabr 2020-ci il tarixə olan rəsmi statistikaya görə bu hərbi təcavüz nəticəsində 11-i uşaq olmaqla, 91 azərbaycanlı mülki şəxs öldürülmüş, aralarında uşaqlar da olmaqla 405 nəfər yaralanmış, 50 məktəb də daxil olmaqla çoxsaylı mülki obyektlər dağıdılmışdır. Ermənistanın hücumları cəbhə zonasının və Ermənistanla sərhədin yaxınlığındakı yüzlərlə məktəbdə təhsil prosesinə ciddi ziyan vurmuş və azərbaycanlı uşaqların təhsil almaq hüququ bir daha pozulmuşdur.

Xatırladaq ki, oktyabrın 11-də gecə saatlarında cəbhə xəttindən uzaqda yerləşən Gəncə şəhərindəki yaşayış binalarının xüsusi amansızlıqla raket atəşinə tutulması nəticəsində 10 mülki şəxs öldürülmüş, uşaqlar da daxil olmaqla, 33 nəfər yaralanmış, 3 uşaq hər iki valideynini itirmişdir. Oktyabrın 17-də isə yenə gecə saatlarında Gəncə şəhərindəki yaşayış binaları təkrar misli görülməmiş bir qəddarlıqla raket atəşinə tutulmuşdur. Nəticədə 3-ü uşaq olmaqla 14 mülki şəxs qətl edilmiş, 5-i uşaq omaqla 45 nəfərdən çox insan yaralanmış, 2 azyaşlı uşaq isə itkin düşmüşdür. Ermənistanın 28 oktyabrda Bərdə şəhərində yaşayan dinc sakinləri “Smerç” raketləri ilə yenidən atəşə tutması nəticəsində isə aralarında uşaq və qadınların da olduğu 21 dinc sakin həlak olmuş, 70-ə yaxın mülki şəxs yaralanmışdır.

Azərbaycan tərəfinin çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, Ermənistanın mülki şəxsləri, o cümlədən uşaqları və mülki infrastrukturu hədəfə alması beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və bu dövlətin irqçi və ksenofob siyasətinin bariz nümayişidir. Uşaqları öldürmək və yaralamaq, eləcə də məktəb və xəstəxanaları atəşə tutmaqla Ermənistan BMT Təhlükəsizlik Şurasının 1261 saylı (1999) qətnaməsinə zidd olaraq münaqişələr zamanı uşaqlara qarşı ağır cinayətləri törətməkdə davam edir.

Uşaqlar gələcəyi təmsil edir. Bu gün beynəlxalq birlik bütöv bir nəslin on illərdir davam edən əzablarına məhəl qoymayaraq, haqq və qanunun aliliyini təmin etməməklə münaqişələrin davam etməsinə toxum səpir və gələcək nəsli qorumaq və onları təhlükəsiz mühitlə təmin etmək üçün ümumbəşəri mənəvi borcunu yerinə yetirməməklə dünyanın gələcəyini təhlükə altına alır. Bu baxımdan, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyəti, xüsusilə müvafiq beynəlxalq təşkilatları Ermənistanın Azərbaycan Respublikasında uşaqları və təhsil müəssisələrini qəsdən hədəfə almasına qarşı açıq şəkildə reaksiya verməyə və otuz ildir ki, davam edən cəzasızlıq mühitini dayandırmaq üçün təsirli tədbirlər görməyə çağırır. Həmçinin beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycan Respublikasında uşaqlara qarşı ciddi qanun pozuntuları törətməsinə töhfə verən hərəkətlərdən, yəni bu ölkəyə siyasi, maliyyə və xüsusilə də hərbi dəstək verilməsindən çəkinməyə dəvət edir.

Arxiv üzrə axtarış