2020-09-22

Azərbaycan xalqının cəsur və qəhrəman övladı Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyi qeyd edilir

İkinci Dünya müharibəsi zamanı faşizm üzərində tarixi qələbənin əldə edilməsində Azərbaycan xalqının igid övladları misilsiz xidmətlər göstərmiş, vətənin müdafiəsində iştirak edən 600 mindən çox azərbaycanlı arasından öz şücaət və vətənpərvərlikləri ilə xalqımızın tarixi yaddaşında əbədi həkk olunmuş böyük qəhrəmanlar yetişmişdir. Bu qələbənin əldə edilməsində mühüm xidmətləri olmuş belə qəhrəmanlarımızdan biri də 2020-ci ilin sentyabr ayının 22-də anadan olmasının 100 illiyini qeyd etdiyimiz Azərbaycan xalqının mərd və vətənpərvər övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan, Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov olmuşdur. 22 sentyabr 1920-ci ildə anadan olmuş Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 11 avqust 2020-ci il tarixli Sərəncamı əsasında həm ölkəmizdə, həm də ölkəmizin hüdudlarından kənarda bu böyük qəhrəman və sərkərdənin xatirəsinə həsr edilən çoxsaylı tədbirlər təşkil olunmaqdadır.   

Əhmədiyyə Cəbrayılov Azərbaycan xalqının mərd oğlu kimi bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmişdir. 1941-ci ildə müharibənin başlanması ilə ölkənin müdafiəsi üçün könüllü surətdə cəbhəyə yollanan Əhmədiyyə Cəbrayılov daha sonralar Fransa Müqavimət hərəkatında fəal iştirak etmiş, onun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri layiqincə qiymətləndirilmişdir. Fransa dövlətinin orden və medalları ilə təltif edilmiş həmvətənimizin xatirəsi, eyni zamanda Müqavimət hərəkatı iştirakçıları sırasında əbədiləşdirilmişdir. Onun qəhrəmanlığı dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilmişdir.   

Hər il respublikamızda təntənəli şəkildə qeyd olunan Böyük Vətən müharibəsində Qələbənin ildönümü ərəfəsində müharibədə iştirak etmiş xalqımızın igid oğullarının əziz xatirəsi dərin ehtiramla yad edilir, ölkə rəhbərliyi səviyyəsində müharibə veteranları ilə görüşlər keçirilərək onların qayğı və problemləri ilə maraqlanılır. Qələbə bayramı ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halını almışdır. Böyük Vətən müharibəsində faşizmə qarşı gedən döyüşlərdə həyatlarını itirmiş Azərbaycan vətəndaşlarının xatirəsi böyük minnətdarlıq hissi ilə yad edilir.

Xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış Əhmədiyyə Cəbrayılovun igidlikləri işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadir olan Azərbaycan Ordusunun mətin əsgəri üçün fədakarlığın parlaq rəmzi, hünər və cəsarətin bariz nümunəsidir. Təsadüfi deyildir ki, Əhmədiyyə Cəbrayılovun Vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə canını fəda edərək uca şəhidlik mərtəbəsinə yüksəlmiş oğlu Mikayıl Cəbrayılov Azərbaycanın ilk Milli Qəhrəmanlarındandır.

Azərbaycan xalqı Əhmədiyyə Cəbrayılov kimi öz canı və qanı bahasına vətəninə ürəkdən bağlı olan igid və şücaətli övladları ilə hər zaman fəxr edir, onların əziz xatirələrini daim uca tutur.

 Əhmədiyyə Cəbrayılov haqqında Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanmış video-sərgi ilə bu linkə daxil olmaqla tanış ola bilərsiniz:

 http://anl.az/el/vsb/Ehmediyye_Cebrayilov/index.htm 

 

Arxiv üzrə axtarış