2020-02-24

Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü ilə əlaqədar Baş Konsulluqda anım mərasimi keçirilib.

22 fevral 2020-ci il tarixində İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunda Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir. Mərasimdə ilk öncə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əliyənnağı Hüseynov çıxış edərək 1988-ci ildən başlayaraq Ermənistanda hərbi-siyasi gücə nail olmuş millətçi qüvvələrin SSRİ-də yaranmış siyasi vəziyyətdən istifadə edərək Azərbaycana qarşı açıq ərazi iddiası irəli sürdüklərini, qısa müddət ərzində Ermənistanda yaşayan 200 minə qədər azərbaycanlını kütləvi şəkildə deportasiyaya məruz qoyduqlarını, ardınca Dağlıq Qarabağın azərbaycanlı icmasına qarşı kütləvi terror və qırğınlar həyata keçirməyə başladıqlarını qeyd etmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin gedişində Erməni millətçiləri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarında çox sayda qırğın və qətliamlar törədildiyini xatırladan baş konsul bunların ən dəhşətlisinin 28 il əvvəl Xocalıda törədilən soyqırım olduğunu diqqətə çatdırmışdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının da dəstəyi ilə Xocalı şəhərinə hücum edildiyini bildirən baş konsul bütün beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarının pozularaq oraya zirehli texnika yeridildiyini, şəhərin dinc əhalisinə misli görülməmiş qəddarlıqla divan tutulduğunu vurğulamışdır.

Bu dəhşətli faciənin Xocalıda törədilməsinin səbəblərinə toxunan baş konsul Xocalı şəhərinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi ermənilərin işğalçılıq planlarına mane olduğunu, Xocalının Xankəndidən 12 km şimal-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşdiyini, şəhərin əhəmiyyətini artıran səbəblərdən birinin də Dağlıq Qarabağın yeganə hava limanının məhz burada olduğunu, buna görə Ermənistan silahlı qüvvələrinin əsas məqsədlərindən birinin Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarət etmək və Xocalıda yerləşən aeroportu ələ keçirmək olduğunu diqqətə çatdırmışdır. Hələ faciədən 4 ay əvvəl, yəni 1991-ci il oktyabrın sonundan şəhərə gedən bütün avtomobil yollarının bağlandığı və Xocalının faktiki olaraq mühasirəyə alındığı, dinc sakinlərin dəstə halında və ya təklikdə mühasirədən çıxmaq üçün göstərdiyi bütün cəhdlərin qarşısının alındığı qeyd olunmuşdur. Nəticə etibarilə Xocalı sakinlərindən 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq və 70 qocanın öldürüldüyü, 8 ailənin tamamilə yox edildiyi, 487 dinc sakinin ağır yaralandığı, 1275 nəfərin isə girov götürüldüyü barədə mərasim iştirakçıları məlumatlandırılmışdır. Öldürülənlər içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər qeyri-insani şəklə salınanların çoxluq təşkil etdiyinə diqqət çəkən baş konsul 150 nəfərin taleyindən isə indiyə kimi heç bir məlumatın olmadığını vurğulamışdır.

Baş konsul bildirmişdir ki, bu dəhşətli cinayət əməlinin digər bir məqsədinin də doğma torpağının müdafiəsinə qalxmış dinc əhalini qorxudub onun mübarizə əzmini qırmaq, eyni zamanda, ölkədə siyasi vəziyyəti qarışdıraraq Azərbaycan torpaqlarının işğalını asanlaşdırmaq olmuşdur. Xocalı soyqırımını törətməklə Ermənistanın bəzi xarici dövlətlərdən böyük miqdarda hərbi yardımlar da alaraq Azərbaycana qarşı hərbi təcavüzünün miqyasını daha da genişləndirdiyi, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal etdiyi, yaşanan işğal faktı nəticəsində 20 min soydaşımızın həyatına son qoyulduğu, 50 mindən çox insanın yaralandığı və əlil olduğu, torpaqlarımızın 20 faizinin işğala məruz qaldığı mərasim iştirakçılarının diqqətinə çatdırılmışdır. 

Xocalı şəhərində törədilmiş müdhiş cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada ifadə olunmuş tərifə tam uyğun gəldiyini sübut etdiyi qeyd olunmuşdur. Bildirilmişdir ki, qabaqcadan planlaşdırılmış kütləvi və amansız qırğın aktı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilmiş, azğınlaşmış cəlladlar insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmış, cəsədlərin bir qismini minalamışlar. Yanan şəhərdən qaçıb xilas olmaq istəyən insanlara aman verilmədiyi, dinc sakinlərin yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla qətlə yetirildiyi vurğulanmışdır. Məhdud coğrafi zonada oxşar əməllərin törədilməsi keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Tribunalı tərəfindən soyqırımı aktı kimi tövsif edildiyi diqqətə çatdırılmışdır. 

Baş konsul qeyd etmişdir ki, Azərbaycan dövləti başda ümummilli lider Heydər Əliyev olmaqla, sonrakı dövrdə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının dünyada tanıdılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, təcavüzkarın ifşası və işğal edilmiş torpaqlarımızın azad olunması üçün bütün zəruri addımları atmış və atmaqdadır. Hazırda bu soyqırımını törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin hadisə ilə bağlı geniş məlumatlandırılmasının Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildiyi ifadə olunmuşdur. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq iş aparıldığını diqqətə çatdıran baş konsul bu baxımdan Heydər Əliyev Fondu, xüsusilə onun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü işlərin olduqca təqdirəlayiq olduğunu, fondun bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində çox sistemli və ardıcıl fəaliyyət göstərdiyini xatırlatmışdır.

Baş konsul son illərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə dünyada “Xocalıya ədalət!” (Justice for Khojaly) beynəlxalq kampaniyasının geniş vüsət aldığını, bu kampaniyaya Azərbaycanda və xaricdə fəaliyyət göstərən çoxsaylı vətəndaş cəmiyyəti institutlarının da qoşularaq, ayrı-ayrı ölkələrin dövlət qurumlarını və ictimaiyyətini, beynəlxalq təşkilatları bu faciəyə adekvat qiymət verməyə çağırdıqlarını bildirmişdir. “Xocalıya ədalət!” beynəlxalq informasiya və təşviqat kampaniyasının əsas məqsədinin dünya ictimaiyyətini Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdan ibarət olduğu ifadə olunmuş, Xocalı faciəsinin mənəvi və siyasi-hüquqi səviyyədə tanınmasına yönəlmiş bu kampaniyanın bir çox ölkələrdə uğurla həyata keçirildiyi nəzərə çatdırılmışdır. Haliyyədə dünyanın 13 ölkəsinin parlament səviyyəsində, ABŞ-ın 22 ştatının yerli parlament səviyyəsində, o cümlədən İslam Əməkdaşlıq Təşkilatının Xocalı faciəsini soyqırımı kimi rəsmən tanıdığı barədə mərasim iştirakçıları məlumatlandırılmışdır. 

Bütün bunlara baxmayaraq, hazırda Ermənistanın beynəlxalq hüquq normalarını pozaraq öz işğalçılıq siyasətini davam etdirdiyi və Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olmasına ciddi maneçilik törətdiyi qeyd olunmuşdur.

Ermənistandan fərqli olaraq Azərbaycan Respublikasının beynəlxalq təşkilatların, xüsusilə də münaqişəni dinc vasitələrlə nizama salmaq üçün fəaliyyət göstərən ATƏT-in sülhyaratma təkliflərinə hörmətlə yanaşaraq onun işində müntəzəm və əməli şəkildə iştirak etdiyi, bunun da münaqişənin nizama salınması istiqamətində aparılan danışıqlarda Azərbaycanın, ilk növbədə, sülh variantına üstünlük verdiyini göstərdiyi bildirilmişdir.

Baş konsul Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək üçün kifayət qədər hərbi gücə, iqtisadi potensiala və siyasi iradəyə malik olduğunu qeyd edərək 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusunun işğal altındakı torpaqların bir qismini azad etdiyini, uğurlu Naxçıvan əməliyyatı ilə 11 min hektar ərazini nəzarətə götürdüyünü xatırlatmışdır. Nəticə etibarilə mövcud status-kvonun qəbuledilməz olduğunu vurğulayan baş konsul Ermənistanın işğalçı qüvvələrinin torpaqlarımızdan çıxarılması tələbinin daim gündəmdə olduğunu qeyd etmişdir.

Baş konsul bir daha vurğulamışdır ki, Azərbaycan Respublikası öz ərazisinin bir hissəsində suverenliyinin qəsb edilməsinə, əzəli torpaqlarının zəbt edilməsinə və qoparılmasına heç zaman razı ola bilməz və mövcud imkanlardan istifadə edərək ərazi bütövlüyünün bərpasını təmin edəcək, Xocalı faciəsinin əsl beynəlxalq hüquqi-siyasi qiymət almasına, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının cəzalandırılmasına nail olacaqdır. Çıxışın sonunda baş konsul yalnız və yalnız ədalət arayışında olan Azərbaycan xalqının və dövlətinin Xocalı faciəsini və bu faciədə həyatını itirən məsum insanları heç vaxt unutmadığını və unutmayacağını bir daha ifadə etmişdir.

Çıxışdan sonra Xocalı soyqırımından və “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlərdən  bəhs edən sənədli film nümayiş etdirilmişdir. Mərasim iştirakçıları Baş Konsulluq tərəfindən hazırlanmış erməni təcavüzü və Xocalı soyqırımına aid şəkillərdən ibarət foto-stendə baxış keçirmiş, işğalçı Ermənistan dövlətinin Azərbaycana qarşı terror və təcavüz aktlarını özündə əks etdirən kitab, jurnal, DVD filmlər və broşüralarla tanış olmuşlar. Hadisələrə dair məlumatların Azərbaycan, ingilis və fars dillərində əks olunduğu kitab, DVD və broşüralar, Azərbaycan tarixinə dair jurnallar mərasim iştirakçılarına paylanılmışdır. Həmçinin ehsan süfrəsi açılmışdır.

Mərasimdə İran İslam Respublikası Şərqi Azərbaycan Vilayətinin Baş Mədəniyyət və İslami İrşad İdarəsinin baş direktorunun birinci müavini Əli Piruzməneş, Şərqi Azərbaycan vilayəti Mətbuat Evinin rəhbəri Murtəza Şəfii, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb nümayəndəliyinin rəhbəri Əkbər İsazadə və nümayəndəliyin əməkdaşı, Türkiyənin Təbrizdəki baş Baş Konsulluğunun əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və onların ailə üzvləri iştirak etmişlər.

 Qeyd olunanlarla yanaşı, Baş Konsulluq tərəfindən Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü ilə bağlı Təbriz şəhərində nəşr olunan və İran ərazisində yayılan, eləcə də İran Hava Yollarının bütün uçuşlarında sərnişinlərə paylanılan “Sorxab” qəzetinin 20 fevral 2020-ci il tarixli buraxılışında “Dünya ictimaiyyətinə çağırış: Xocalıya ədalət!” başlıqlı məqalə dərc olunmuşdur.

Arxiv üzrə axtarış