Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Baş konsul Əliyənnağı Hüseynov çıxış edərək Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan 20 Yanvar faciəsinin xalqımızın yaddaşında daim qalacağını söyləyib. Bildirib ki, 30 il bundan əvvəl – 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli siyasətinə, Dağlıq Qarabağa iddia edən Ermənistan SSR-in təcavüzkar siyasətinin açıq-aşkar dəstəklənməsinə etiraz edən xalq ordu tərəfindən qətliama məruz qaldı. Bu faciə nəticəsində 147 nəfər şəhid oldu, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz olaraq həbs edildi.
Baş konsul keçmiş sovet hərb maşınının Azərbaycanda törətdiyi bu qanlı qırğının mahiyyətinə görə dövlətin öz vətəndaşlarına qarşı tarixdə misli görünməmiş təcavüz aktı və qətliam olduğunu vurğulayıb. Sovet rəhbərliyinin dinc əhalinin üstünə qoşun yeritməklə SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarını kobudcasına pozduğunu, BMT Nizamnaməsinə, beynəlxalq hüququn normalarına məhəl qoymadığını, həmçinin iştirakçısı olduğu Mülki və Siyasi Hüquqlar haqqında beynəlxalq paktın bir sıra müddəalarını pozduğunu xatırladıb.
Qeyd olunub ki, məhz belə bir ağır şəraitdə yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev cəsarətlə etiraz səsini ucaltdı. Sovet imperiyasının bütün təzyiqlərinə baxmayaraq, Heydər Əliyev yanvarın 21-də öz ailə üzvləri ilə birlikdə Azərbaycan SSR-in Moskvadakı daimi nümayəndəliyinə gələrək burada təşkil olunmuş, 6 minədək adamın iştirak etdiyi izdihamlı yığıncaqda çıxış edərək, bu ağır günlərdə yaralı, heç yerdən kömək ala bilməyən doğma xalqı ilə birgə olduğunu bəyan etdi. O, çıxışında 20 Yanvar faciəsinə siyasi qiymət verdi və faciəni hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu bəyan etdi. Heydər Əliyevin qorxmadan, özü və ailəsi üçün yaranmış real təhlükəyə baxmayaraq, M.Qorbaçov başda olmaqla SSRİ rəhbərlərinin əsl simasını göstərdi. Ulu öndər Heydər Əliyevin tövsiyələrini rəhbər tutan Azərbaycan xalqı Bakıda fövqəladə vəziyyət rejiminin olmasına baxmayaraq, yanvarın 22-də öz şəhidləri ilə vida mərasimi keçirdi.
Əliyənnağı Hüseynov Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 30 il keçməsinə baxmayaraq, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən üstün tutan o qəhrəmanların əsla unudulmadığını, Azərbaycan xalqının bu faciənin ağrısını ürəyində hiss etdiyi hər ilin 20 Yanvar tarixinin ölkəmizdə Ümumxalq Hüzn Günü kimi yad edildiyini diqqətə çatdırıb. Bu tarixin həm də Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olduğunu ifadə edib.
Baş konsul bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin də 20 yanvar hadisələrinin iştirakçılarını və ailələrini daim diqqət mərkəzində saxladığını, dövlətimizin başçısının müvafiq fərmanlarına əsasən faciə zamanı şəhid və ya əlil olmuş şəxslərin ailələrinin təqaüdlərinin artırılması, onlara müvafiq müavinətlərin ödənilməsi, mənzil-məişət şəraitlərinin daha da yaxşılaşdırılmasının göstərilən diqqət və qayğının daha bir bariz nümunəsi kimi ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.
SSRİ-nin yaratdığı informasiya blokadasına baxmayaraq, yanvarın 20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Sovet qoşunlarının Bakıya hərbi müdaxiləsinin dünyanın bir çox ölkələrində, o cümlədən qonşu İran İslam Respublikasında kəskin etirazlarla qarşılandığı diqqətə çatdırdı. İranın Milli Təhlükəsizlik Şurası yığıncaq keçirərək bu barədə bəyanat qəbul etdi, İran parlamentinin 160-dan çox üzvü M.Qorbaçovun Azərbaycana silahlı təcavüzünü pislədi, İranın Ali rəhbəri və Prezidenti M.Qorbaçovun atdığı bu addımı kəskin tənqid etdilər. Bununla yanaşı, İranın kütləvi informasiya vasitələri sovet qoşunlarının Bakıda törətdiyi qanlı hadisəni kəskin tənqid edərək, bu faciəni qırğın adlandırdı.
Sonra 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş olundu.
Mərasim iştirakçıları baş konsulluq tərəfindən hazırlanmış 20 Yanvar hadisələrinə aid şəkillərdən ibarət fotostendə baxdılar. İşğalçı Ermənistanın Azərbaycana qarşı terror və təcavüz aktlarını, 20 Yanvar hadisələrini özündə əks etdirən kitab, jurnal, DVD filmlər, qəzet və bukletlər ilə tanış oldular.
Mərasimdə İranın Şərqi Azərbaycan valiliyinin Siyasi və Seçki Məsələləri Baş İdarəsinin rəis müavini Əyyub Ağacanzadə, Mədəniyyət və İslami İrşad İdarəsinin baş direktorunun birinci müavini Əli Piruzməneş, Şərqi Azərbaycan vilayəti Mətbuat Evinin rəhbəri Murtəza Şəfii, Xarici İşlər Nazirliyinin Şimal-Qərb nümayəndəliyinin rəhbəri Əkbər İsazadə, Türkiyənin Təbrizdəki baş konsulu Hüseyn Güngör, “Fəcr Azərbaycan” qəzetinin redaktoru Əhməd Badiran, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və onların ailə üzvləri iştirak ediblər.