Təbrizdə rəsmi qəbul təşkil olunub
İyunun 9-da Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 101 illik yubileyi, 28 May- Respublika Günü və Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib.
Azərbaycan Respublikası və İran İslam Respublikasının dövlət himnləri səsləndikdən sonra Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əliyənnağı Hüseynov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi barədə ətraflı məlumat verib. Baş konsul qeyd edib ki, cəmi 23 ay yaşamasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti tarixi bir missiyanı yerinə yetirib, parlamentini və hökumətini milli ordusunu, dövlət atributlarını yaradıb. Bildirilib ki, 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi yaradılıb, xarici ölkələrdə diplomatik nümayəndəlikləri təsis edilib, Bakıda 16 xarici dövlətin, o cümlədən İranın diplomatik nümayəndəliyi fəaliyyət göstərmişdir.
Baş konsul ötən əsrin sonlarında xalqımızın ikinci dəfə müstəqillik qazandığını və bu zaman üzləşdiyi çətinlikləri diqqətə çatdırıb, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda müstəqil dövlətçiliyimizin əsaslarının yaradıldığını qeyd edib. Diqqətə çatdırılıb ki, dahi şəxsiyyət xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkəmiz düşdüyü bəlalardan xilas olub, Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanılıb və əbədi xarakter alıb. Bu gün ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycan sürətli inkişaf edir.
Şərqi Azərbaycan vilayətinin ostandarı Məhəmmədrza Purməhəmmədi çıxış edərək İran İslam Respublikasının Azərbaycan Respublikasının müstəqilliyini rəsmi şəkildə tanıyan ilk ölkələrdən olduğunu bildirib. Ölkələrimiz arasındakı dərin dostluq əlaqələrinə toxunan ostandar ötən 6 il ərzində 2 ölkənin prezidentlərinin 12 dəfə görüşdüyünü, müxtəlif səviyyələrdə 100 görüş keçirildiyini, 30-a yaxın əməkdaşlıq sənədinin imzalandığını vurğulayıb. Məhəmmədrza Purməhəmmədi yeni əməkdaşlıq imkanlarının yaradılması vasitəsi ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Çıxışlardan sonra “Əbədi ezamiyyət” sənədli filmindən hissələr və “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi” ilə bağlı videoçarx nümayiş olunub. Həmçinin cari ildə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinin qeyd olunduğu barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib, ziyafət təşkil olunub. Naxçıvan Dövlət Filarmoniyasının üzvləri konsert proqramı ilə çıxış edib, rəmzi yubiley tortu kəsilib.
Rəsmi qəbulda Şərqi Azərbaycan vilayətinin ostandarı Məhəmmədrza Purməhəmmədi, Təbriz şəhrdarı İrəc Şəhinbaher, Şərqi Azərbaycan vilayətinin mədəniyyət və islami irşad idarəsinin rəhbəri Məhəmməd Məhəmmədpur, Təbriz Universitetinin rektoru, Mir Rza Məcidi, Təbriz şəhər şurasının üzvü və Vəliəsr Beynəlxalq Xəstəxanasının rəisi Şəhram Dəbiri Oskuyi, İran Xarici İşlər Nazirliyinin Şimal Qərb nümayəndəliyinin rəhbəri Əkbər İsazadə və nümayəndəliyin əməkdaşları, Türkiyə Respublikasının Təbrizdəki baş konsulu, Təbrizdə yaşayan Azərbaycan Respublikası vətəndaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.