2019-05-11

No:134/19, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Ermənistan və Azərbaycan arasında atəşkəsin 25 illiyi ilə bağlı bəyanatı

12 may 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəsin əldə olunmasının 25 ili tamam olur. 

Münaqişə zonasında atəşkəsin elan edilməsi birmənalı şəkildə bütün hərbi fəaliyyətin dayandırılması, işğalçı qüvvələrin geri çəkilməsi, beynəlxalq sülhməramlı qüvvələrin yeridilməsi, kommunikasiyaların bərpası, məcburi köçkünlərin geri qayıtması və münaqişənin yekun həlli üçün danışıqların davam etdirilməsi kimi məqsədlərlə əlaqələndirilib. Bu o deməkdir ki, atəşkəs yuxarıda qeyd edilən məqsədlər kontekstində kompleks yanaşmanı nəzərdə tutur. Yəni, atəşkəsə riayət olunması təkcə atəşin dayandırılması deyil, həmçinin hərbi qüvvələrin münaqişə zonasından çıxarılmasını və işğal vəziyyətinin möhkəmləndirilməsinə xidmət edən fəaliyyətdən, o cümlədən məcburi köçkünlərin qayıdışına maneə olan hərəkətlərdən çəkinilməsini nəzərdə tutur.

Atəşkəsin əldə edilməsinə baxmayaraq, ötən 25 il ərzində Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrində tarixən yaşayan Azərbaycanlıların etnik təmizlənməsi ilə nəticələnən, beynəlxalq tanınmış ərazilərimizin beşdə birinin Ermənistan tərəfindən işğalı hələ də davam edir. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərində qanunsuz mövcudluğunu davam etdirməkdədir. Dünya ictimaiyyətinin tələbləri, o cümlədən beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına cavabdeh olan BMT TŞ-nin qəbul etdiyi qətnamələr təcavüzkar Ermənistan tərəfindən rədd edilir. ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin başçılarının da dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan ərazilərinin işğalı nəticəsində yaradılmış status-quo dayanıqlı deyil və qəbuledilməzdir.

Atəşkəs, həmçinin münaqişənin həlli üçün danışıqların sürətləndirilməsini nəzərdə tutur. Aydındır ki, atəşkəs münaqişənin həlli deyil, o münaqişənin həllinə aparan yolda müvafiq təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün şərait yaradır. Lakin bütün bu illər ərzində Ermənisan münaqişənin həlli üzrə nəticəyə yönəlik substantiv danışıqların aparılmasından və beynəlxalq ictimaiyyətin işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması tələbindən davamlı imtina edir.

Ermənistan öz əhalisini və beynəlxalq ictimaiyyəti yanıltmaq cəhdlərindən əl çəkərək, təcavüz və etnik təmizləmə siyasətinə son qoymalı, öz beynəlxalq öhdəliklərinə əməl etməli və münaqişənin ən qısa zamanda həlli üzrə aparılan danışıqlar prosesində konstruktiv şəkildə iştirak etməlidir.

Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünün təmin olunması, etnik təmizləməyə məruz qalan azərbaycanlı məcburi köçkünlərin öz evlərinə geri qayıtması, həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının sülh şəraitində birgə yaşayışının təşviq olunması Ermənistan və Azərbaycan arasında normal qonşuluq münasibətlərinin bərpa olunmasının və bölgədə davamlı sülh, təhlükəsizlik və inkişafın təmin olunmasının əsasını təşkil edir.

 

Arxiv üzrə axtarış