2018-12-25

No:338/18, 2018-ci ilin yekunlarına dair Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat buraxılışı

2018-ci ildə qlobal və regional güclər arasında artan ixtilaflar beynəlxalq münasibətlər sistemində davam edən gərginliyi, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələri, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşmanı, həmçinin silahlı münaqişələr, etnik qarşıdurmalar, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyətini daha da kəskinləşdirmişdir.

Yerləşdiyi region ətrafında cərəyan edən ziddiyyətli proseslər şəraitində ölkəmiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində daxili sabitlik və inkişafını təmin etmək, iqtisadiyyatını müsbət artım dinamikasına kökləmək və irimiqyaslı layihələr həyata keçirməklə beynəlxalq səviyyədəki nüfuz və rəğbətini daha da möhkəmləndirməyə müvəffəq olmuşdur.

Cari ildə Azərbaycan Respublikasının xarici siyasəti qarşılıqlı hörmət və bərabərhüquqluq əsasında iki və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi, təhlükəsizliyin, iqtisadi və sosial rifahın dayanıqlılığının təmin edilməsi və mədəni təşəbbüslərin artırılması istiqamətlərinə yönəlmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında Sərəncamına uyğun olaraq xarici siyasətimizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünün qeyd edildiyi cari ildə milli istiqlaliyyət və dövlətçilik dəyərlərimizin beynəlxalq müstəvidə geniş təşviq olunmasına xüsusi diqqət ayrılmışdır.

Xalqın iradəsinə əsaslanan ölkədəki sabit ictimai-siyasi vəziyyət, sosial-iqtisadi sahələrdə aparılan səmərəli islahatlar və quruculuq işləri, habelə uğurla davam etdirilən müstəqil və çox şaxəli xarici siyasət kursu Azərbaycanı Cənubi Qafqaz regionunun aparıcı və ən inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin etmişdir.

Dövlət rəhbəri tərəfindən 2018-ci ildə çoxsaylı rəsmi və işgüzar səfərlər həyata keçirilmiş, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Türkiyə, Rusiya, Böyük Britaniya, Fransa, Belçika, Xorvatiya, İsveçrə, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistana səfərləri reallaşdırılmışdır. Eyni zamanda, Türkiyə, Rusiya, İran, İtaliya, Serbiya, Monqolustan, Benin, Tacikistan, Əfqanıstan, Moldova, Makedoniya və Albaniyanın Prezidentləri, həmçinin Almaniyanın federal kansleri ölkəmizə rəsmi və işgüzar səfərlər etmişlər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin İtaliya və Fransaya rəsmi və işgüzar səfərləri baş tutmuşdur.

Cari il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədləri çərçivəsində həll olunması istiqamətində diplomatik səylərimiz davam etdirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Baş naziri arasında MDB-nin Düşənbə və Sankt-Peterburq zirvə görüşləri çərçivəsində söhbətlər baş tutmuş və Azərbaycan Respublikasının xarici işlər naziri ilə Ermənistanlı həmkarı arasında son altı ay ərzində 3 görüş keçirilmişdir. Bu ilin 6 dekabr tarixində ATƏT-in Milanda keçirilmiş Nazirlər görüşü çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə bəyanatı qəbul olunmuşdur. Bəyanatda münaqişənin sülh yolu ilə ədalətli və davamlı həlli üzrə danışıqların davam etdirilməsinin razılaşdırıldığı qeyd olunur. Burada, həmçinin iki ölkənin rəhbərləri səviyyəsində Düşənbədə əldə olunan razılaşmaya riayət olunması və hər iki ölkə əhalisinin sülhə hazırlanması üçün konkret addımların atılması çağırışı əks olunur. Vacib məqamlardan digəri isə, birgə bəyanatda münaqişənin ədalətli və davamlı həllinin təşviq edilməsi üçün yaxın gələcəkdə Azərbaycan və Ermənistan rəhbərliyi səviyyəsində intensiv nəticəyə yönəlik danışıqların keçirilməsi fikrinin əks olunmasıdır. Bu yanaşma ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən tam dəstəklənir.

Bu il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra beynəlxalq təşkilatlar tərəfindən maraqlarımıza cavab verən aşağıdakı önəmli sənədlərin qəbul edilməsinə nail olunmuşdur.

3-6 aprel 2018-ci il tarixlərində 117 ölkə və 16 beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmilərinin iştirakı ilə Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Aralıq Nazirlər Konfransının yekun sənədinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipi əsasında həll edilməsinin vacibliyini vurğulayan bənd daxil edilmişdir.

16-17 aprel 2018-ci il tarixlərində Düşənbə şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirlər Şurası iclasının yekun sənədinə Ermənistanın-Azərbaycan münaqişəsinin regional iqtisadi əməkdaşlığa maneə törətdiyi və münaqişənin tezliklə dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında həllinin vacibliyinə dair bənd daxil edilmişdir.

5-6 may 2018-ci il tarixlərində Banqladeş Xalq Respublikasının Dəkkə şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal olunmuş ərazilərimizdə dini-mədəni irsin dağıdılmasına dair qətnamələr qəbul edilmişdir.

İƏT Xarici İşlər Nazirləri Şurasının iclasında “1992-ci il Xocalı qırğınının qurbanları ilə həmrəylik” adlı qətnamə də qəbul olunmuşdur. Qətnamədə Azərbaycanın Xocalı şəhərində və digər işğal edilmiş ərazilərində Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki əhali və hərbi şəxslərə qarşı törədilmiş kütləvi vəhşiliklər qəti şəkildə pislənilir və üzv dövlətlər münaqişə dövründə Azərbaycanın Xocalı şəhəri və işğal edilmiş digər ərazilərində törədilmiş cinayətlərin müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi yerli və beynəlxalq səviyyədə tanınması istiqamətində lazımı səy göstərməyə səslənmişdir.

11 iyul 2018-ci il tarixində Avropa İttifaqı ilə Azərbaycan arasında qəbul olunmuş “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı Avropa İttifaqından Azərbaycana önəmli dəstək ifadə olunmuşdur. Bununla yanaşı, 12 dekabr 2018-ci il tarixində Avropa Parlamentinin qəbul etdiyi “Vahid Xarici və Təhlükəsizlik Siyasətin həyata keçirilməsi üzrə illik plan” adlı qətnamədə Avropa Ittifaqının Şərq Tərəfdaşlığı ölkələri, o cümlədən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəkləməsi bir daha təsdiqlənmişdir.

Eyni zamanda, 11-12 iyul 2018-ci il tarixlərində Brüsseldə keçirilmiş NATO Zirvə görüşünün yekun bəyannaməsində Alyans üzvləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə davamlı dəstək ifadə etmiş və regiondakı mövcud münaqişələrin məhz bu prinsiplər əsasında həll olunmasına çıxış etmişlər.

5 oktyabr 2018-ci il tarixində keçirilmiş Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM dövlətlərinin hökumət başçılarının iclasında qəbul edilmiş Birgə Bəyanatda Ermənistan-Azərbaycan münaqişəsi və GUAM üzv ölkələri ərazisində həllini tapmamış digər münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi vurğulanmış və bu münaqişələrin beynəlxalq sülh, təhlükəsizlik və sabitliyə təhlükə təşkil etdiyini nəzərə alaraq, onların yuxarıda göstərilən prinsiplər əsasında tezliklə həlli məqsədilə beynəlxalq ictimaiyyətə səylərin artırılması üçün çağırış edilmişdir.

2018-ci ildə dövlətimizin dayanaqlı inkişafını təmin etmək məqsədi ilə beynəlxalq, regional və ikitərəfli formatda məqsədyönlü xarici siyasət fəaliyyəti davam etdirilmişdir. Ölkə iqtisadiyyatının potensialının xaricdə təbliğ olunması, ixracının təşviqi və genişləndirilməsi, ölkəmizdə istehsal olunan məhsul və xidmətlərin rəqabət qabiliyyətinin artırılması, həmçinin xarici ölkələrdə tətbiq olunan müasir texnologiyaların ölkəmizə cəlb edilməsi aparılan xarici iqtisadi əməkdaşlığın əsas istiqamətlərini təşkil etmişdir.

Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində əldə edilən iqtisadi uğurlarımız mötəbər beynəlxalq iqtisadi qurumlar tərəfindən də yüksək qiymətləndirilmişdir. Belə ki, dünyanın ən nüfuzlu iqtisadi forumu olan Davos İqtisadi Forumunun qiymətləndirməsinə əsasən ölkəmiz rəqabət qabiliyyətliliyə görə dünya miqyasında 35-ci yerdə qərarlaşmışdır.

İkitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı məqsədilə Misir, İordaniya, İran, Avstriya, Mərakeş, İsrail, Vyetnam, Hindistan, Qazaxıstan, Bolqarıstan, Belarus, Serbiya, Rumıniya, Rusiya və Sankt-Peterburq Hökuməti daxil olmaqla 15 Hökumətlərarası komissiyaların iclasları, həmçinin Azərbaycan ilə Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk görüşü, eyni zamanda Çin, İran, Avstriya, Pakistan, İsveçrə, İtaliya, Estoniya, Çexiya, Serbiya ilə Biznes Forumları keçirilmişdir. Çin, Polşa, Ukrayna və Latviyada Azərbaycanın Ticarət Evləri fəaliyyətə başlamışdır.

2018-ci il ərzində Azərbaycan Respublikası insan hüquqları, demokratiya, qanunun aliliyi və yaxşı idarəçiliyin təşviqi sahəsində beynəlxalq və regional təşkilatlarla səmərəli fəaliyyətini davam etdirmişdir. 22 mart 2018-ci il tarixində BMT İnsan Hüquqları Şurasının 37-ci sessiyası çərçivəsində ölkəmiz tərəfindən irəli sürülmüş “Dövlət xidmətlərinin səmərəli, şəffaf və məsuliyyətli çatdırılması vasitəsilə insan hüquqları və Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə layihəsi yekdilliklə qəbul edilmişdir. 25 aprel 2018-ci il tarixində Avropa Şurası Parlament Assambleyasında qəbul olunmuş “Avropada məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” adlı qətnamədə işğal edilmiş ərazilərin əhalisinin başqa yerə köçürülməsi və işğalçı qüvvə tərəfindən bu ərazilərə digər əhalinin yerləşdirməsi müharibə cinayəti kimi qeyd olunmuşdur. 17 dekabr 2018-ci il tarixində BMT Baş Assambleyasında Azərbaycan tərəfindən irəli sürülmüş və əsas məqsədi silahlı münaqişələr şəraitində itkin düşmüş şəxslərin probleminə diqqətin daha da artırılmasından ibarət "İtkin düşmüş şəxslər" adlı qətnamə yekdilliklə qəbul edilmişdir.

Demokratiya, insan hüquqları və qanunun aliliyi sahələrində beynəlxalq təsisatlarla aparılan səmərəli əməkdaşlıqla yanaşı cari ildə mədəniyyətlərarası dialoqun təşviq edilməsinə də böyük önəm verilmişdir.

26 noyabr–1 dekabr 2018-ci il tarixlərində keçirilmiş YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin iclasında Azərbaycan tərəfinin təqdim etdiyi “Çovqan-ənənəvi Qarabağ atüstü oyunu” ilə bağlı milli hesabat qəbul olunmuş, həmçinin “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” adlı nominasiya Qorunmaya Ehtiyacı olan YUNSEKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.

İl ərzində beynəlxalq təsisatların seçkili vəzifələrinə ölkəmizdən irəli sürülən namizədliklərin müvəffəqiyyətlə irəliləməsi Azərbaycanın ikitərəfli və çoxtərəfli beynəlxalq münasibətlər müstəvisində apardığı uğurlu siyasətinin bariz nümunəsini təşkil etmişdir.

4-6 iyun 2018-ci il tarixlərində YUNESKO-nun Baş qərargahında keçirilmiş təşkilatın Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyasına üzv ölkələrin 7-ci Baş Assambleyasında Azərbaycan adı çəkilən Komitəyə üzv seçilmişdir.

7 iyun 2018-ci il tarixində Nyu-York şəhərində keçirilmiş BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Konvensiyasına tərəf dövlətlərin iclasında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmisi BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin üzvlüyünə seçilmişdir.

17-21 sentyabr 2018-ci il tarixlərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransının 62-ci sessiyasında ölkəmiz AEBA-nın Müdirlər Şurasının 2018-2020-ci illər üzrə üzvü seçilmişdir.

2018-ci ilin 26 oktyabr - 17 noyabr tarixlərində keçirilmiş Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) konfransında Azərbaycan 2019-2022-ci illər müddətinə BTİ Şurasına yenidən üzv seçilmiş, həmçinin ölkəmizin təmsilçisi həmin müddət üzrə təşkilatın Radio Tənzimləmə Komitəsinə üzv seçilmişdir.

2018-ci ildə VI Bakı Beynəlxalq Humanitar Forumu, VI Qlobal Bakı Forumu, Qoşulmama Hərəkatının Xarici işlər nazirləri konfransı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlər toplantısı, Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi, “Formula 1” Azərbaycan Qran-Pri yarışları, XXV Beynəlxalq Xəzər Neft və Qaz-2018 sərgisi, ADEX-2018 III Beynəlxalq Müdafiə Sərgisi və digər mötəbər beynəlxalq tədbirlərin Azərbaycanda yüksək səviyyədə keçirilməsi ölkəmizin artan beynəlxalq nüfuzunun, ona bəslənilən yüksək etimadın, həmçinin zəngin təcrübə və bacarıqlarının göstəricisini təşkil etmişdir.

Cari ildə qonşu və region ölkələri ilə qarşılıqlı hörmət və etimad əsasında siyasi, iqtisadi və humanitar sahələrdə tərəfdaşlıq münasibətləri inkişaf etdirilmişdir. Müxtəlif regional əməkdaşlıq formatları çərçivəsində öz təşəbbüskarlığı ilə seçilən Azərbaycan Respublikası ilk dəfə olaraq dövlət başçıları səviyyəsində keçirilmiş Azərbaycan-Rusiya regionlararası forum və Azərbaycan-İran biznes forumu, həmçinin Azərbaycan, Gürcüstan, İran və Türkiyənin xarici işlər nazirlərinin birinci dördtərəfli görüşünə ev sahibliyi etmiş, eyni zamanda “Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası” və xarici işlər nazirləri səviyyəsində baş tutmuş Azərbaycan-Türkiyə-Gürcüstan və Azərbaycan-Türkiyə-İran üçtərəfli toplantılarında fəal iştirak etmişdir.

12 avqust 2018-ci il tarixində Xəzər dənizinin hüquqi statusuna dair aparılan uzunmüddətli danışıqların nəticəsi olaraq, Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Beşinci Zirvə Toplantısında “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” və Xəzər dənizində əməkdaşlığı təşviq edən digər saziş və protokollar imzalanmışdır.

21-22 fevral 2018-ci il tarixlərində keçirilmiş Azərbaycan-Rusiya Birgə demarkasiya komissiyasının iclası çərçivəsində ilk dəfə olaraq Azərbaycanın demarkasiya sərhəd nişanı Azərbaycan-Rusiya dövlət sərhədinin 49 nömrəli delimitasiya nöqtəsi sahəsində Samur çayının sahilində Qusar rayonu ərazisində quraşdırılmışdır.

Dövlətimizin xarici siyasət kursunun vacib istiqamətlərindən biri kimi xarici ölkələrdə yaşayan Azərbaycan Respublikasının vətəndaşı olan soydaşlarımızın hüquqlarının müdafiəsi sahəsində konsulluq-hüquqi yardım əməliyyatları uğurla davam etdirilmişdir. İraqın Bağdad şəhərində uşaq evində saxlanılan, xüsusi qayğıya ehtiyacı olan və Azərbaycan vətəndaşı olan kimsəsiz uşaqlara hüquqi yardım göstərilərək, həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində onların Azərbaycana repatriasiyası uğurla baş tutmuşdur.

Ölkəmizdə turizmin təşviqi və inkişafı məqsədilə Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi baxımından həyata keçirilmiş tədbirlər nəticəsində bir sıra xarici ölkə “ASAN Viza” sistemi vasitəsilə elektron viza verilən ölkələr siyahısına əlavə edilmişdir. Eyni zamanda, 2018-ci ildə Serbiya Respublikası və Makedoniya Respublikası tərəfindən bu ölkələrə səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə viza tələbi birtərəfli qaydada ləğv edilmişdir.

Cari il ərzində ikitərəfli və çoxtərəfli əsasda qarşılıqlı bir çox rəsmi və işgüzar səfərlər baş tutmuşdur. Azərbaycan Respublikasının Baş naziri Fransa və Qazaxıstanda işgüzar səfərdə olmuşdur. Öz növbəsində, Türkiyə, Bolqarıstan, Gürcüstan və Slovakiya hökumət başçıları, həmçinin Avstriya Respublikasının vitse-kansleri və Türkmənistanın nazirlər kabinetinin sədr müavini ölkəmizə rəsmi və işgüzar səfərlər həyata keçirmişlər.

2018-ci ildə Azərbaycan Respublikasının xarici işlər naziri Türkiyə, ABŞ, Çin, Bolqarıstan, Banqladeş, Belarus, Fransa, Meksika, Türkmənistan və İtaliyaya rəsmi və işgüzar səfərlər etmişdir. Eyni zamanda Türkiyə, İran, Yaponiya, Finlandiya, Macarıstan, Fransa, Serbiya, Bosniya və Herseqovina, Gürcüstan, Türkmənistan, Kosta Rika, Monqolustanın, Venesuela, Ekvador, Əfqanıstan, Hindistan, Banqladeş, Nepal, Şri Lanka, Koreya Xalq Demokratik Respublikası, Sent Vinsent və Qrenadin, Müqəddəs Taxt-Tac və San Marinonun xarici işlər nazirləri, Kubanın xarici işlər nazirinin müavini, həmçinin ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi və Böyük Britaniya Baş nazirinin ticarət elçisi ölkəmizə rəsmi və işgüzar səfərləri həyata keçirmişdir.

Bununla yanaşı, il ərzində Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyasının Baş katibi, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Beynəlxalq Əmək Təşkilatının Baş direktoru, Ümumdünya Meteorologiya Təşkilatının Baş Katibi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş Katibi, BMT-nin Avropa İqtisadi Komissiyasının İcraçı katibi, NATO Baş katibinin müavini, YUNESKO Baş direktorunun müavini, Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktorunun müavini, Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri - humanitar məsələləri üzrə BMT Baş katibinin nümayəndəsi, Fəlakət Risklərinin Azaldılması üzrə BMT Ofisinin (UNISDR) Avropa regional ofisinin rəhbəri Azərbaycana səfər etmişlər.

Cari ildə Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (Azerbaijan International Development Agency /AIDA) tərəfindən aparılmış birgə fəaliyyət nəticəsində “Azərbaycanın Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyası” ictimai birliyi təsis edilmişdir. Assosiasiyanın yaradılmasında əsas məqsədi Azərbaycanda təhsil almış əcnəbi vətəndaşların bir araya gətirilməsi, qarşılıqlı əlaqələrin yaradılması və ictimai faydalı məqsədlərə nail olunması təşkil edir. 26 oktyabr 2008-ci il tarixində Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə ADA Universitetində “Azərbaycanın Əcnəbi Məzunlarının Beynəlxalq Assosiyasiyası”nın nümayəndələrinin iştirakı ilə “Gələcəyimizə sərmayə: dayanıqlı və inklüziv inkişafa doğru” mövzusunda təşkil olunmuş dəyirmi masada vaxtilə Azərbaycanda təhsil almış 25 ölkədən 65 yüksək vəzifəli əcnəbi məzunlar iştirak etmişdir.

2018-ci ildə Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən ADA Universiteti təhsil proqramlarını 8 bakalavr və 4 magistr proqramları vasitəsilə 43 ölkədən olan 2200 əcnəbi tələbələr üçün davam etdirmişdir. Xarici İşlər Nazirliyi və ADA Universiteti tərəfindən maliyyələşdirilən Xəzər Hövzəsinin Araşdırılması Proqramı çərçivəsində 38 ölkədən olan əcnəbi diplomatlara təlim keçirilmişdir. Cari ildə ADA Universiteti yeni əməkdaşlıq əlaqələri quraraq, Massaçusets Texnologiya İnstitutu, Vaterlo Universiteti, Venesiyanın Kofoskari Universiteti, Macarıstanın Diplomatik Akademiyası, Latviya Universiteti, Hindistanın Diplomatik Akademiyası, Qazax – Britaniya Texniki Universiteti, Türkmənistanın Diplomatik Akademiyası, Tacikistanın Diplomatik Akademiyası və Rusiyanın Skolkovo İdarəçilik Məktəbi ilə anlaşma memorandumu imzalamışdır. 25 may tarixində ADA Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunmuş beynəlxalq konfrans təşkil edilmişdir.

Hesabat ili ərzində Azərbaycan Respublikası ilə Samoa Dövləti, Palau Respublikası, San-Tome və Prinsipi Demokratik Respublikası arasında diplomatik münasibətlər qurulmuşdur.

2018-ci ildə Venesuela Bolivar Respublikası və Çili Respublikasının ölkəmizdə diplomatik nümayəndəlikləri, həmçinin San Marino Respublikasının fəxri konsulluğu fəaliyyətə başlamışdır.

Eyni zamanda, Avstriyanın Sankt Pölten və Klaqenfurt am Vörterse şəhərlərində Azərbaycanın Fəxri Konsulluqlarının açılışı baş tutmuş, Ukraynanın Poltava şəhərində isə yeni Fəxri Konsulluğumuz işə başlamışdır.

2018-ci ildə əldə olunmuş xarici siyasət nailiyyətlərimiz milli təcrübə və ənənələr, ölkənin artan maddi-iqtisadi potensialı, eləcə də ölkədaxili sabitliyə əsaslanmışdır. Öz növbəsində, daxili potensial, milli imkan və qabiliyyətlərin xarici siyasət fəaliyyətinə təkan verməsi münbit qarşılıqlı əlaqəni təmin etmişdir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışında qeyd etmişdir: “Bizim uğurlu xarici siyasətimiz bu gün daxili inkişafımıza da müsbət təsir göstərir”.

Növbəti ildə Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının milli maraqlarının beynəlxalq müstəvidə layiqincə qorunması və təmin olunması, həmçinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi xarici siyasət hədəflərinə nail olunması məqsədilə müstəqil, çevik, praqmatik və çoxşaxəli xarici siyasət fəaliyyətini davam etdirəcəkdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması, torpaqlarımızın işğaldan azad edilməsi və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması diplomatiyamızın ən başlıca vəzifəsi olaraq qalacaqdır.

Arxiv üzrə axtarış