2018-12-22

Bir qrup rusiyalı qadının Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya məktubu

"Əziz və çox hörmətli Leyla!

İcazə verin, sosial əhəmiyyətli təşəbbüslərə və layihələrə dərindən cəlb olunmuş bir qrup rusiyalı qadın adından Sizə müraciət edək. Bizim hər birimizin öz missiyası var: hospislərin təşkili və yetim uşaqlara dəstək, senzurasız ədəbiyyat və jurnalistika, idman və əlilliyi olan insanların reabilitasiyası. Lakin fəal həyat mövqeyi və müasir cəmiyyətin ağrılı nöqtələrinə laqeyd qalmamaq hissi bizi birləşdirir.

Oktyabr ayında biz Ermənistanın baş nazirinin xanımı Anna Akopyanın dəvətinə cavab olaraq Ermənistan ilə Azərbaycan arasında artıq bir neçə onillik ərzində hərbi əməliyyatların davam etdiyi əraziyə səfər etdik.

Müharibənin nəticələrinin müdhiş mənzərəsi və bu yerlərin gözəl təbiəti dəhşətli təzad yaradaraq insanı sarsıdır. Azərbaycan ilə Ermənistan arasında cəbhə xəttini cəmi 450 metr ayırır. Bu qısa məsafəni güllə asanlıqla dəf edir. Üzbəüz iki blindaj və hələ çox gənc olan, kamuflyaj geyimli, əllərində avtomat silahlar tutan əsgərlər. Bütün bunların arxasında öz övladlarını itirən anaların heç nə ilə müqayisə olunmayan, ovundurula bilməyən ağrısı dayanır.

Dağlıq Qarabağ münaqişəsinin çoxəsrlik səbəblərinin necə dərin və mürəkkəb olduğunu başa düşürük. Biz çox şeyi bilmirik, heç kəsi qınamağa haqqımız və hazır qərarlarımız yoxdur. Lakin bir məsələyə qəti əminik: 2018-ci ildə övladlarımız güllələrdən həlak olmamalıdırlar. Uşağın doğması-yadı olmur. Dünyanın istənilən nöqtəsində: Suriyada və ya Donetskdə, Rusiyada, Azərbaycanda və ya Ermənistanda başına qara yaylıq bağlamış hər bir ana bizim ümumi faciəmizdir. Biz Sizə Azərbaycanın qədim bir nəslinin nümayəndəsi, görkəmli siyasi xadim Heydər Əliyevin nəvəsi və müstəqil Azərbaycanın Prezidenti İlham Əliyevin qızı və bir də geniş ictimai fəaliyyətlə məşğul olan bir qadın və üç uşaq anası kimi müraciət edirik.

Hər iki münaqişə tərəfinin dərdinə ürəkdən şərik olduğumuzu bildirərək, Sizdən “Qadınlar sülhə tərəfdardır” təşəbbüsünü dəstəkləməyinizi və sülhyaratma ideyasını məntiqi sona çatdırmaq üçün bizim Azərbaycana səfərimizin təşəbbüsçüsü olmağınızı xahiş edirik.

Sizdən xahiş edirik, həyat əlaməti olmayan 450 metrlik ayırıcı zolağın digər, bu dəfə Azərbaycan tərəfində səsimizin eşidilməsinə kömək edin. Bir də çox vacib sözlər demək istəyirik: “Biz sülh istəyirik! Biz düşmənçilik edən tərəflərdən xahiş edirik, XXI əsrdə bizim qardaşlarımızın, oğullarımızın, nəvələrimizin müharibədə daha həlak olmamaları üçün nə mümkündürsə etsinlər. Qoy, qan tökülməsi iyirminci yüzillikdə qalsın, gələcək sülh içində olsun”.

Əziz Leyla, Sizdən xahiş edirik, bizim sülhyaratma missiyamızı dəstəkləyin və Azərbaycana səfərimiz üçün vasitəçi olun. Biz çox inanırıq ki, məhz Siz bizim bələdçimiz və məsləkdaşımız ola bilərsiniz.

Hər bir müharibə gec-tez sona çatır. Qoy, bizim ümumi səylərimiz bu sonu yaxınlaşdırsın”.

Olimpiya çempionu Svetlana Jurova,

İctimai xadim, “Vera” hospislərə kömək xeyriyyə fondunun təsisçisi Nyuta Federmesser,

Yazıçı, ictimai xadim Lyudmila Ulitskaya,

Jurnalist Kira Altman.

Arxiv üzrə axtarış