2018-06-20

Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə bağlı təntənəli mərasim keçirilir

İyunun 20-də muxtar respublikanın paytaxtında Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə bağlı təntənəli mərasim - “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” tədbirinə start verilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri düzüb, Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Tədbirdə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru, TÜRKSOY-un baş katibi, İndoneziya, Tacikistan, Özbəkistan və Əlcəzairin mədəniyyət nazirləri, İran, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Türkmənistan və Qətərin mədəniyyət nazirlərinin müavinləri və digər ölkələrin rəsmi şəxslərindən ibarət nümayəndə heyətləri iştirak edirlər.

Xatırladaq ki, “Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” mədəniyyət ili çərçivəsində ISESCO-nun 2018-ci il üçün Fəaliyyət Planına uyğun olaraq iyunun 20-21-də Bakıda “Mədəniyyət sənayesində investisiyanın vacibliyi və onun gənclər arasında işsizliyin azaldılmasında rolu” üzrə milli seminar təşkil olunacaq. Həmçinin iyunun 21-22-də Naxçıvan şəhərində “Üzv ölkələrdə ISESCO-nun Yaşıl Şəhərlər Strategiyasının həyata keçirilməsi” üzrə ekspertlərin görüşü keçiriləcək.

Arxiv üzrə axtarış