Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilib.
Qəbulda Azərbaycanın və İranın dövlət himnləri səsləndirilib.
Baş konsul Əliyənnağı Hüseynov Azərbaycan Xalq Cümhuriyyəti barədə ətraflı məlumat verib. Qeyd olunub ki, 1918-ci il may ayının 28-də Tiflis şəhərində görkəmli Azərbaycan ziyalılarının qəbul etdikləri İstiqlal Bəyannaməsi əsasında təsis olunan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qürur mənbəyi kimi tarixə düşüb. Şərqdə ilk dəfə demokratik ənənələrə sadiq dövlət quran Azərbaycan xalqı bu gün də həmin ənənələri əzmlə yaşadır. Cəmi 23 ay yaşamasına baxmayaraq, demokratik islahatlar həyata keçirən Azərbaycan Xalq Cümhuriyyəti bütün xalqların hüquq və bərabərliyinin tanınması, onların nümayəndələrinin parlamentdə təmsil olunması, qadınlara seçki hüququnun verilməsi kimi mütərəqqi nailiyyətlər əldə etmişdi.
Diqqətə çatdırılıb ki, Sovet İttifaqı dövründə Cümhuriyyət tarixini unutdurmaq üçün cəhdlər olsa da buna nail olmadılar. Azərbaycan xalqı öz tarixi keçmişinə əsaslanaraq 1991-ci ildə yenidən müstəqilliyini bərpa etdi. XX əsrin əvvəllərində olduğu kimi, sonunda da Azərbaycan müstəqilliyini elan etdiyi dövrdə erməni işğalı ilə üz-üzə qaldı.
Naxçıvan Muxtar Respublikasının həmin dövrdə ən çətin anlarını yaşadığını xatırladan baş konsul bildirib ki, xalqımızın xilaskar oğlu Heydər Əliyevin yenilməz siyasi iradəsi və bacarığı ilə Naxçıvan işğal təhlükəsindən xilas oldu. Xalq-Heydər Əliyev vəhdəti ölkəmizin böhrandan çıxarılması istiqamətində vahid bir güc mərkəzinə çevrildi. Bu günlərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinin tamam olduğunu xatırladan baş konsul onun xalqın qəlbində özünə əbədi abidə ucaltdığını, əziz xatirəsini həmişə ehtiramla yad etdiyini vurğulayıb.
Diplomat Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı Prezident İlham Əliyevin fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Mən bu ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etmişəm. İlin əvvəlindən biz bu gözəl tarixi qeyd edirik. Bu tarixə nəzər salarkən görürük ki, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü, indiki qədər qüdrətli dövlət olmayıb. Bunu biz yaratmışıq. Azərbaycan xalqının iradəsi, Azərbaycan dövlətinin siyasəti bu gün ölkəmizin inkişafı üçün əsas amildir”. Baş konsul çıxışını ulu öndər Heydər Əliyevin bu fikri ilə yekunlaşdırıb: “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir! Yaşasın müstəqil və qüdrətli Azərbaycan!”
Rəsmi qəbulda çıxış edən İran İslam Respublikasının Şərqi Azərbaycan valisinin siyasi, təhlükəsizlik və ictimai məsələlər üzrə müavini Rəhim Şöhrətifər əlamətdar günlə bağlı Şərqi Azərbaycan valisinin təbriklərini çatdırıb. O, İranın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu, son illərdə dövlətin əsas hədəflərindən birinin qonşuları ilə əlaqələrin inkişaf etdirilməsi olduğunu qeyd edib. İki ölkə prezidentlərinin son 5 ildə 11 dəfə görüşdüyünü, müxtəlif sahələri əhatə edən əməkdaşlıq haqqında sənədlərin imzalandığını bildirib. Rəhim Şöhrətifər Prezident Həsən Ruhaninin Bakıya son səfərində əldə olunan razılaşmalara, nəqliyyat vasitələrinin istehsalı üzrə Azərbaycanla İranın birgə əməkdaşlığına toxunaraq Azərbaycanın özəl şirkətlərinin Araz Azad İqtisadi Zonası və Ənzəli Azad Zonasında müxtəlif sahələr üzrə sərmayə yatırdıqlarını nəzərə çatdırıb.
Çıxışlardan sonra Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair və müasir Azərbaycanın inkişafını əks etdirən film və “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018” adlı qısametrajlı təbliğat videoçarxı nümayiş olunub.
Sonra Azərbaycan xalq mahnılarının sədaları altında ziyafət verilib.
Rəsmi qəbulda İranın Şərqi Azərbaycan vilayətinin Mədəniyyət və İslami İrşad İdarəsinin rəhbəri Məhəmməd Məhəmmədpur, Turizm, Əl İşləri və Mədəni İrs Təşkilatının baş direktoru Murtaza Abdar, Siyasi, Seçki və Ərazi Bölgüsü Məsələləri Ofisinin rəhbəri Rza Ustad Rəhimi, İran Xarici İşlər Nazirliyinin Şimal-Qərb nümayəndəliyinin rəhbəri İsmayıl Rağeb Babayi, Türkiyə Respublikasının Təbrizdəki baş konsulu və baş konsulluğunun əməkdaşları, “Əsre Azadi” qəzetinin redaktoru Seyid Vəhid Peyman, “SAACO” şirkətinin idarə heyətinin rəisi Məhəmmədəli Nəccari Kohnemuyi, ictimaiyyət nümayəndələri, Təbrizdə yaşayan Azərbaycan Respublikası vətəndaşları iştirak ediblər.