2018-01-19

Azərbaycanın İranın Təbriz şəhərindəki Baş Konsulluğunda 20 Yanvar faciəsi ilə əlaqədar anım mərasimi keçirilib.

Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Baş konsul Əliyənnağı Hüseynov çıxış edərək bildirib ki, Azərbaycanın siyasi tarixinə azadlıq və ərazi bütövlüyü uğrunda mübarizə kimi daxil olan 20 Yanvar faciəsi heç zaman unudulmayacaq. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməsindən, SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən və bu ədalətsizliyə etirazını bildirmək üçün Bakının küçələrinə, meydanlarına çıxan dinc əhaliyə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qanlı divan tutuldu.

Azərbaycana yeridilən ordu hissələri paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 147 mülki şəxsi amansızcasına qətlə yetirdi, 744 nəfər günahsız insan yaralandı, 841 nəfər qanunsuz həbs edildi.

Baş konsul insanlıq simasını itirmiş hərbi canilərin hətta təcili tibbi yardım maşınlarını atəşə tutduqlarını, heç kəsə aman vermədiklərini vurğulayıb. Döyüş meydanını xatırladan Bakıda ölçüyəgəlməz dağıntılar törədildi, televiziyanın enerji bloku partladıldı və əhali məlumatsız qaldı, haqqını tələb edənlərə isə təxribatçı və pozucu adı verildi. Qanlı Yanvar faciəsinin ertəsi günü Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev özünün və ailəsinin həyatını təhlükə altında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə getdi və Azərbaycan xalqı ilə həmrəyliyini nümayiş etdirdi. Ulu Öndərimiz kommunist rejiminin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pislədi, xalqına qarşı törədilən qırğınlara, günahsız insanların öldürülməsinə etirazını bildirdi və günahkarların cəzalandırılmasını tələb etdi. Heydər Əliyevin Moskvadakı bəyanatı bütün dünyaya yayıldı, SSRİ rəhbərliyinin qəddarlığı ifşa olundu. Hadisələrdən az müddət sonra Kommunist Partiyası sıralarını tərk edən Heydər Əliyev xalqının dar günündə Azərbaycana qayıtmağı özünə borc bildi. Lakin sovet imperiyasının Bakıdakı əlaltıları Ulu Öndəri xalqdan uzaqlaşdırmağa çalışdılar və Heydər Əliyev doğulduğu Naxçıvana qayıtmalı oldu. Burada xalq öz liderini hərarətlə qarşıladı və Heydər Əliyev 1990-cı ilin sentyabrında keçirilən seçkilərdə Naxçıvan Ali Sovetinin Sədri seçildi.

Baş konsul Ali Sovetin ilk sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş 3 mühüm qərara toxunub: Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikası adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edildi və ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1990-cı il 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verdi.

Qeyd olunub ki, 1993-cü ilin iyununda Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra Şəhidlər xiyabanı yenidən quruldu, ərazidə “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı, “20 Yanvar” şəhidi fəxri adı təsis edildi.

Çıxışlardan sonra 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilib. Mərasim iştirakçıları 20 Yanvar hadisələri ilə bağlı Baş Konsulluq tərəfindən hazırlanmış şəkillərdən ibarət fotostendə baxıb, işğalçı Ermənistan dövlətinin Azərbaycana qarşı terror və təcavüz aktlarını, 20 Yanvar hadisələrini özündə əks etdirən kitab, jurnal, filmlər və qəzetlərlə tanış olublar. Hadisələrə dair məlumatların Azərbaycan və fars dillərində əks olunduğu qəzetlər və vərəqələr, ingilis və fars dillərində broşürlər, Azərbaycan tarixinə dair kitab və jurnallar mərasim iştirakçılarına paylanılıb.

Sonra ehsan süfrəsi açılıb.

Mərasimdə İranın Xarici İşlər Nazirliyinin Şimal-Qərb nümayəndəliyinin rəhbəri İsmayıl Rağeb Babayi, Şərqi Azərbaycan Valiliyinin siyasi, seçki və ərazi bölgüsü məsələləri ofisinin rəhbəri Rza Ustad Rəhimi, Şərqi Azərbaycan Vilayətinin Baş Mədəniyyət və İslami İrşad İdarəsinin baş direktoru Məhəmməd Məhəmmədpur, Türkiyənin Təbrizdəki baş konsulu Çağlar Fahri Çakıralp və Baş Konsulluğunun əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və onların ailə üzvləri iştirak ediblər.

Arxiv üzrə axtarış