2017-12-20

Bakıda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib

Dekabrın 20-də Bakıda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, nazirlər Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərif xarici işlər nazirlərinin bundan əvvəlki üçtərəfli görüşlərində qəbul olunmuş Urmiya, Naxçıvan, Van və Ramsar bəyannamələrindəki öhdəliklərini bir daha vurğulayıblar. Regionda sülh, təhlükəsizlik, rifah və əməkdaşlığa xidmət edəcək dərin tarixi köklər, din və mədəni ortaqlıqlara əsaslanan üç ölkənin xalqları arasında həmrəylik və əməkdaşlığı, habelə paylaşılan dəyərləri daha da gücləndirmək üçün öhdəliklərini bir daha təsdiq ediblər. Xüsusilə iqtisadi tərəqqi və davamlı inkişafa töhfə verə biləcək sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün öhdəliklərini xüsusi qeyd ediblər.

Nazirlər regionda sülh və təhlükəsizliyin gücləndirilməsi üçün ümumi maraqlarını xüsusi vurğulayıb və bu kontekstdə suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmamasına hörmət və bütün mübahisələrin sülh yolu ilə həlli daxil olmaqla beynəlxalq hüququn prinsipləri üzrə öhdəliklərini bildiriblər. Bu xüsusda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yuxarıda qeyd olunan prinsiplər əsasında ən qısa müddətdə həllinin vacibliyi bir daha vurğulanıb.

Xarici siyasət idarələrinin rəhbərləri müxtəlif səviyyə və platformalarda, habelə BMT, İƏT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimadın Yaradılması Konfransı, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində regional və beynəlxalq sülh, təhlükəsizlik və sabitliyin gücləndirilməsi məqsədilə ümumi maraqlar kəsb edən regional və qlobal məsələlərə dair sıx məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər. Əl-Qüds Əl-Şəriflə əlaqədar İƏT-in dekabrın 13-də İstanbulda keçirilmiş fövqəladə Sammitinin Bəyannaməsini və yekun kommunikesini alqışlayıblar.

Görüşdə iqtisadi-ticarət əməkdaşlığının gücləndirilməsi, sərmayə və ticarətin təşviqi naminə mövcud potensialdan istifadə, o cümlədən enerji, nəqliyyat, bankçılıq, telekommunikasiya, sənaye, kənd təsərrüfatı, turizm və ətraf mühit sahəsində birgə layihə və proqramların həyata keçirilməsi ilə əməkdaşlığın təşviqinə dəstək verilməsi barədə razılıq əldə olunub. Nazirlər beynəlxalq tranzit dəhlizlərini və coğrafi cəhətdən əlverişli mövqeyə malik üç ölkənin tranzit potensialının artırılmasını, eləcə də beynəlxalq tranzit sisteminə inteqrasiya etmək üçün əhəmiyyətli addımların atılmasını xüsusi vurğulayaraq, nəqliyyat infrastrukturunun inkişafı və tranzit potensialının artırılması naminə yeni layihələrin həyata keçirilməsi üçün əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini bildiriblər.

Sosial-iqtisadi inkişaf naminə Asiya və Avropa arasında rəqabətli tranzit nəqliyyatının kəmiyyət və keyfiyyətini artırmaq üçün strateji cəhətdən əhəmiyyətli olan genişmiqyaslı beynəlxalq nəqliyyat layihələrində üç ölkənin iştirakının vacibliyi xüsusi vurğulanaraq, “Şərq-Qərb”, “Cənub-Qərb”, “Şimal-Cənub” marşrutlarında üç ölkənin tranzit potensialdan istifadəyə əlverişli şərtlər yaradan Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi alqışlanıb, Rəşt-Astara dəmir yolunun tikintisinin ən qısa müddətdə tamamlanması üçün lazımi addımların atılmasının vacibliyi qeyd olunub.

Görüşdə mülki aviasiya sahəsində yüksək potensiala nail olmaq üçün əməkdaşlığın gücləndirilməsinin, eləcə də üç ölkənin coğrafi üstünlüklərindən daha da faydalanmağın əhəmiyyəti vurğulanıb. Neft, qaz və neft-kimya sahəsində kommersiya əməkdaşlığının artırılmasına hazırlıq ifadə edilib. Üç ölkənin bank şəbəkəsi arasında əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsi, beynəlxalq bankçılıq prosedurları ilə bağlı təcrübə və informasiyanın paylaşılması barədə razılıq əldə olunub. Regionda rəqəmsal uçurumların aradan qaldırılması məqsədilə informasiya strukturunun yaradılması və idarə edilməsi üçün üç ölkə arasında davam edən əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Həmçinin qlobal və regional iqtisadi təşkilatlar çərçivəsində əməkdaşlığın zəruriliyi qeyd edilib.

Nazirlər beynəlxalq və ya regional təşkilatlarda üç ölkənin namizədliyinin müsbət mənada qiymətləndirilməsi barədə razılığa gəlib və bu mənada “Ekspo-2025”in Azərbaycanda keçirilməsi üçün Bakının namizədliyini alqışlayıblar.

Etnik, irqi, dini və etiqada əsaslanan dözümsüzlüyün və ayrı-seçkiliyin bütün formaları pislənilib, müxtəlif mədəniyyətlər, sivilizasiyalar və xalqlar arasında dözümlülüyün tərbiyə edilməsi, hörmət, dialoq və əməkdaşlığın əhəmiyyəti qeyd edilib, 2016-cı il aprelin 25-27-də Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyəti xüsusi qeyd edilib. Terrorizm, separatizm və zorakı ekstremizmin bütün forma və təzahürləri, transmilli mütəşəkkil cinayət və narkotik vasitələrin və onların daşıyıcılarının, silahların qeyri-qanuni dövriyyəsi, insan alveri, mədəni və tarixi irsə qarşı cinayətlər, kibercinayətkarlıq və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Nazirlər milli və beynəlxalq səviyyədə insan hüquqlarının təşviqi və müdafiəsi üzrə öhdəliklərini vurğulayıb və bəyan ediblər ki, dünyada bütün insanların hüquqlarının təşviq və müdafiəsinə əməkdaşlıq və dialoq vasitəsilə daha yaxşı nail olmaq mümkündür.

Görüşdə İslam həmrəyliyinin təşviq edilməsinin əhəmiyyəti qeyd edilib və İslam qardaşlığının, anlayış və dözümlülüyün gücləndirilməsi üçün daha fəal və səmərəli əməkdaşlıq niyyəti ifadə olunub. Bu xüsusda, İslam mədəniyyəti və dünyada mənəvi dəyərlərin təşviqi baxımından bu il mayın 12-22-də Bakıda yüksək səviyyədə keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyəti qeyd edilib.

Növbəti görüşün Türkiyədə keçirilməsi ilə bağlı razılıq əldə olunub.

Sonda nazirlər beşinci üçtərəfli görüşün yekunlarına dair Bakı Bəyannaməsini imzalayıblar.

Arxiv üzrə axtarış