2017-12-02

Xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının xarici işlər naziri Cavad Zəriflə görüşüb

Xarici işlər naziri E.Məmmədyarov Asiyanın Qəlbi-İstanbul Prosesi çərçivəsində keçirilən VII Nazirlər Konfransında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan İranın xarici işlər naziri Cavad Zəriflə görüşdü.


Görüşdə nazirlər İran və Azərbaycan arasında dostluq və mehriban qonşuluq münasibətlərinin müxtəlif sahələrdə inkişafı istiqamətində atılan davamlı səyləri təqdir etdilər.

Nazirlər ikitərəfli münasibətlərin ruhuna uyğun olaraq, müxtəlif formatlarda da əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini qeyd etdilər. Bu xüsusda, 19-20 dekabr tarixlərində Bakıda keçirilməsi planlaşdırılan Azərbaycan-İran-Türkiyə üçtərəfli görüşünün regional əməkdaşlıq baxımdan vacib rolunu nəzərə çatdırdılar və üçtərəfli əməkdaşlığın yeni formatlarının yaradılmasına dair fikir mübadiləsi apardılar. 


Tərəflər Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı ilə əlaqədar məsələlərə toxundular və bu layihənin Cənubi Asiya ilə Şimali Avropanı birləşdirən və regionlar boyunca əməkdaşlığı və çiçəklənməni təşviq edəcəyinə əminlik ifadə etdilər.


Nazirlər Xəzər dənizinin hüquqi statusuna dair məsələləri müzakirə etdilər və Azərbaycan və İranın digər Xəzəryanı dövlətlərlə birlikdə Xəzər dənizini dostluq və əməkdaşlıq məkanı kimi inkişaf etdirmək əzmini ifadə etdilər.


Görüş əsnasında Asiyanın Qəlbi-İstanbul prosesinin Əfqanıstan, ümumilikdə isə bütün region və onun hüdudlarından kənarda sabitlik, təhlükəsizlik və tərəqqinin təşviqi istiqamətində iştirakçı və dəstəkləyən tərəflərin səylərini birləşdirdiyi unikal platforma olduğu vurğulandı və bu xüsusda VII Bakı nazirlər toplantısının əhəmiyyəti qeyd olundu.

 

Arxiv üzrə axtarış