Azərbaycan-İran mədəni əlaqələrinin inkişafı məsələləri müzakirə e
İran və Azərbaycan qonşu dövlətlərdir, xalqlarımız eyni tarixə və mədəniyyətə malikdir. Bu reallıqları nəzərə alan hər iki ölkənin prezidentləri bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə önəm verirlər. Yaxın əlaqələrin qurulması xalqlarımızın maraqlarını əks etdirir. Dünyada baş verən siyasi proseslər İslam aləminin həmrəyliyini zərurətə çevirib. Tarix boyu birgə yaşamış Azərbaycan və İran xalqlarının yaxınlığı dövlətlərin əməkdaşlıq əlaqələrinin inkişafına təkan verir.
Bu fikir Təbrizdə səfərdə olan Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının İran İslam Respublikasının Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə ilə görüşündə bildirilib.
M.Qurbanlı deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsinə dair tədbirlər planına uyğun olaraq Təbriz şəhərində “Radikalizmlə mübarizədə İslam həmrəyliyi” devizi altında “Azərbaycan - İslam mədəniyyətinin incisi” adlı fotosərgi açılıb. Sərgidə Azərbaycanda fəaliyyət göstərən və ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağdakı məscidlər haqqında Təbriz ictimaiyyətinə geniş məlumat verilib. Bu fotosərgi Azərbaycanda dini dəyərlərə dövlət tərəfindən göstərilən diqqət və qayğını göstərir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan komitə sədri son vaxtlar cəbhə xəttində baş verən hadisələr haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Ordusu öz qüdrətini göstərərək erməni qəsbkarlarına layiqli cavab verdi. Azərbaycan güclü orduya malikdir və hər an torpaqlarını erməni işğalından azad etməyə hazırdır. Lakin rəsmi Bakı sülh tərəfdarı olduğu üçün işğal altındakı torpaqlarının qan tökülmədən, sülh yolu ilə azad edilməsinə çalışır. Əgər Ermənistan konstruktiv mövqe tutmasa, Azərbaycan öz ərazi bütövlüyünü ordusunun köməyi ilə bərpa etmək məcburiyyətində qalacaq. Qeyd olunub ki, erməni təcavüzünə məruz qalan Azərbaycan daim İranın ölkəmizə dəstəyini hiss edib.
Komitə sədri Bakıda İran filmləri həftəsinin keçirildiyini xatırladaraq, iki ölkənin mədəniyyət əlaqələrinin möhkəmləndirilməsinin zəruriliyini qeyd edib. Bildirilib ki, Təbrizdə də Azərbaycan filmlərinin nümayiş etdirilməsi mədəni əlaqələrin inkişafına səbəb olar.
Görüşdə iştirak edən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin mədəniyyət komitəsinin sədri Rafael Hüseynov rəhbərlik etdiyi muzeydə Təbrizin tarixinə və ədəbiyyatına dair guşə yaradılmasını təklif edib. Eyni zamanda, Təbrizin Tarix Muzeyində də Azərbaycanın tarixini və ədəbiyyatını əks etdirən eksponatlardan ibarət guşə yaradıla bilər.
İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmail Cabbarzadə Gəncə şəhərinə səfərini xatırlayaraq Azərbaycanın inkişaf etdiyini bildirib. İrəli sürülən təklifi yüksək qiymətləndirən vali yaxın aylarda Təbrizdə Gəncə günlərinin də keçiriləcəyini nəzərə çatdırıb. Qeyd olunub ki, mədəni əlaqələr xalqların yaxınlığına və ümumi inkişafa xidmət edir.