Təbrizin Tarix Muzeyində Azərbaycan guşəsi yaradılacaq
İran və Azərbaycan xalqları eyni tarixə, adət-ənənəyə və mədəniyyətə malikdirlər. Məhz bu oxşarlıqları nəzərə alan dövlət başçıları əlaqələrin inkişaf etdirilməsini istəyirlər.
Bu sözləri İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə deyib.
Vali bildirib ki, mədəniyyət əlaqələri xalqların bir-birini daha yaxından tanımasına şərait yaradır. Ona görə də Təbrizdə Azərbaycan kinosu günlərinin keçirilməsi məqsədəmüvafiqdir. Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyası İranın Şərqi Azərbaycan vilayətində çox sevilən komediya filmlərindən biridir. Bu film insanları həm güldürür, həm də düşündürür.
İ. Cabbarzadə Azərbaycan Milli Məclisinin mədəniyyət komitəsinin sədri Rafael Hüseynovun Təbrizin Tarix Muzeyində Azərbaycan guşəsinin yaradılması təklifini də yüksək qiymətləndirib. Vali bildirib ki, bu, müştərək tarixin öyrənilməsi və təbliği baxımından əhəmiyyətlidir.