“Şəhriyar” qəzeti: İran-Azərbaycan əlaqələrinin inkişafında Heydər Əliyevin böyük rolu olub
İran İslam Respublikasında nəşr olunan “Şəhriyar” qəzetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə məqalə dərc edilib.
“İran ilə Azərbaycan arasında olan əlaqələrin tarixi böyükdür. Bu, çoxəsrlik tarixdir. Xalqlarımız əsrlər boyu yan-yana, bir yerdə yaşamış, bir kökdən olaraq, eyni ənənələrə malik olaraq bir-birinə həmişə dayaq durmuşlar. Azərbaycan xalqı milli azadlığını əldə edəndən sonra, ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra İran ilə Azərbaycan arasındakı əlaqələr dövlət səviyyəsinə qalxıb və qarşılıqlı surətdə faydalı dövlətlərarası əlaqələrə çevrilibdir”.
Ümummilli Liderin bu sözləri ilə başlanan məqalədə bildirilir ki, Heydər Əliyev İran və Azərbaycan dostluğunun gücləndirilməsində, iki ölkə arasında əvvəllər mövcud olmuş soyuq münasıbətlərin aradan qaldırılması istiqamətində böyük rolu olan görkəmli siyasi xadimdir. Qeyd olunub ki, Heydər Əliyev 1987-ci ildə Siyasi Büronun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verib. O, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. Heydər Əliyev Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin il də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda xalq onun hakimiyyətə qayıdışı tələbi ilə ayağa qalxdı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Məhz bundan sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu.
Məqalədə vurğulanır ki, bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan-İran əlaqələrinin genişlənməsinə böyük töhfələr verir.