Miqrasiya məsələləri

AZƏRBAYCAN RESPUBLİKASINA GƏLƏN ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN OLDUĞU YER ÜZRƏ QEYDİYYATI

Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi (“qəbul edən tərəf”) əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini (viza səhifəsi və ölkəyə son girişi göstərilmiş səhifələr daxil olmaqla) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin internet informasiya ehtiyatı (www.migration.gov.az), elektron poçt (qeydiyyat@migration.gov.az) vasitəsi ilə və ya şəxsən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə təqdim etməlidir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də olduğu yer üzrə qeydiyyata alınmaları üçün yuxarıda müəyyən olunmuş qaydada müraciət edə bilərlər.

Ərizə daxil olduqdan sonra Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti dərhaləcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə məlumatları Vahid Miqrasiya Məlumat Sisteminə daxil etməklə onları olduğu yer üzrə qeydiyyata alır və bu barədə 1 iş günü ərzində müraciət edən şəxsə məlumat verir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı müddətlərə qeydiyyata alınırlar:

  • viza əsasındagələnlər - vizada göstərilən qalma müddətinə;
  • viza tələb olunmayanqaydada gələnlər - 90 gün müddətinə.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçündövlət rüsumu ödənilmir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə, qəbul edən tərəf və ya şəxs özü bu barədə şəxsən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılırlarQeydiyyat müddəti başa çatdıqda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qeydiyyatdan çıxarılmış hesab edilirlər.

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, yuxarıda nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır.

 

Müvəqqəti olma müddətinin uzadılması

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərar əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti olma hüququ verən rəsmi sənəddir.

Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər pasportlarını və ya digər sərhədkeçmə sənədlərini və müvəqqəti olma müddətinin uzadılması haqqında qərarı təqdim edərək, dövlət sərhədinin buraxılış məntəqələrindən keçməklə, ölkəni tərk edə bilərlər.

Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti onların və ya qanuni nümayəndələrinin müraciəti əsasında 60 günədək uzadıla bilər.

18 yaşına çatmamış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti valideyninin və ya digər qanuni nümayəndəsinin müraciəti əsasında uzadılır.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin bitməsinə azı 3 iş günü qalmış (tranzit keçidi zamanı məcburi dayanma halları istisna olmaqla) müvəqqəti olma müddətinin uzadılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək tələb olunan sənədləri təqdim etməlidirlər.

Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılmasına dair əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciəti ilə əlaqədar 3 iş günü ərzində müvafiq qərar qəbul edilir.

Müvəqqəti olma müddətinin uzadılmasından imtina edilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında müvəqqəti olma müddətləri bitənədək ölkə ərazisini tərk etməlidirlər. Müvəqqəti olma müddətinin uzadılması barədə müraciətə baxılanadək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti bitdiyi halda, onlar imtina barədə qərarı aldıqları vaxtdan 48 saat ərzində ölkə ərazisini tərk etməlidirlər.

Azərbaycan Respublikası Prezidentinin “Miqrasiya proseslərinin idarəolunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” 4 mart 2009-cu il tarixli 69 nömrəli Fərmanına uyğun olaraq, 2009-cu il 01 iyul tarixindən etibarən ölkəmizdə miqrasiya proseslərinin idarə olunmasında «bir pəncərə» prinsipi tətbiq edilir. Bu prinsip üzrə vahid dövlət orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (www.migration.gov.az) həyata keçirir.

Yəni Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətinin uzadılması; əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi və belə icazə almış şəxslərin Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyata alınması və s. bu kimi tədbirlər Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilir.

Aşağıda göstərilən kateqoriya şəxslərin müvafiq ərizə-anket əsasında qeydiyyatı və Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması onlara yeni viza rəsmiləşdirməklə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

- xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin diplomatik xidmət heyətinə daxil olan əməkdaşları və onların ailə üzvləri;

- xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvləri;

- Azərbaycan Respublikasına diplomatik missiya və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər.

 

Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətinin uzadılması üçün tələb olunan sənədlər:

  • nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket; 
  • pasportun və ya digər sərhədkeçmə sənədinin surəti;
  • doğum  haqqında  şəhadətnamə  və  ya  ona  bərabər  tutulan  digər  sənədin notariat qaydasında  təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmamış şəxslər üçün);
  • müvəqqəti olma müddətinin uzadılmasına əsas olan halların mövcudluğunu təsdiq edən sənəd;
  • 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil;
  • qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən  çıxarış, order,  icarə  (kirayə) müqaviləsi  və  ya  Azərbaycan  Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd);
  • əcnəbiyə və ya vətəndaşlığı  olmayan  şəxsə  yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
  • əcnəbiyə  və  ya  vətəndaşlığı  olmayan  şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya vətəndaşlığı  olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
  • dövlət rüsumunun ödənilməsi barədə sənəd.

 
Dövlət  rüsumunun  ödənilməsi barədə  sənəd  Azərbaycan  Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərar əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi zaman verilir.

Arxiv üzrə axtarış