Viza

Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə 2 növdə olan – giriş və ya tranzit vizası aşağıdakı qaydada rəsmiləşdirilir:

  1. Giriş vizası – bu növ vizanın etibarlılıq müddəti birdəfəlik giriş-çıxış üçün 90 günədək müəyyən olunur.
  • Birdəfəlik giriş vizası – etibarlılıq müddəti ərzində ölkəyə yalnız bir dəfə giriş-çıxış etməyə icazə verir.
  • Çoxdəfəlik giriş vizası – bu növ vizanın etibarlılıq müddəti 2 ilədək müəyyən olunur. Bu viza şəxsə etibarlılıq müddəti ərzində ölkəyə çoxsaylı giriş-çıxış etməyə icazə veirir.

Vizada göstərilən ölkədə qalma müddətindən vizanın etibarlılıq dövrü ərzində istifadə edilir. Bu müddət ərzində istifadə olunmayan viza qüvvədən düşür.

  1. Bir və ya ikidəfəlik tranzit vizası – üçüncü ölkələrə gedən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisindən keçmək üçün verilir. Tranzit vizasının etibarlılıq müddəti 30 günədək, ölkədə qalma müddəti isə 5 günədək müəyyən edilir. Tranzit vizaları hava, su, dəmiryol nəqliyyatı və digər nəqliyyat növü vasitəsi ilə gediş marşrutu və ona sərf olunan vaxt nəzərə alınmaqla verilir.

Məqsədləri

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəyə gəlmək üçün aşağıdakı məqsədlərlə giriş vizası əldə edə bilərlər:

  • rəsmi
  • işgüzar
  • turizm
  • əmək
  • elm
  • təhsil
  • müalicə
  • mədəniyyət
  • idman
  • şəxsi
  • humanitar

Yalnız rəsmi məqsədlə ölkəyə gələn şəxslərə diplomatik və ya xidməti kateqoriyalı giriş vizası verilir.

Vizanın verilməsi üçün tələb olunan sənədlər

Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq, viza verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

36.1.1. nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş ərizə-anket (nümunəsi əlavə olunur)eapplication.mfa.gov.az elektron səhifəsinə daxil olaraq, ərizə-anket elektron qaydada doldurula bilər;

36.1.2. pasport və ya digər sərhədkeçmə sənədi (pasportun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır) və onların əsas səhifələrinin surətləri;

36.1.3. biometrik identifikasiya tələblərinə uyğun iki ədəd rəngli fotoşəkil (3x4sm);

36.1.4. tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikdə);

36.1.5. viza verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd;

36.1.6. nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti (nümunəsi əlavə olunur) (tranzit, turizm, rəsmi və şəxsi səfər vizaları üçün bu sənəd tələb olunmur);

36.1.6-1. Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəf qeyri-dövlət təşkilatı olduğu halda həmin qurumun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;

36.1.6-2. dəvətin səbəbini təsdiq edən sənəd (tranzit, turizm və şəxsi səfər vizaları üçün bu sənəd tələb olunmur);

36.1.7. səfərin məqsədindən asılı olaraq, bu Məcəllənin 25–34-cü maddələrində göstərilən müvafiq sənədlər;

36.2. 18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni nümayəndəsi ilə birgə səfər etməyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi üçün bu Məcəllənin 36.1-ci maddəsində qeyd olunan sənədlərdən əlavə, notariat qaydasında təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surəti, valideynlərin və ya qanuni nümayəndənin icazəsi və onların şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri də tələb olunur.

36.3. Viza verilməsi üçün alınan dövlət rüsumunun məbləği Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir. Viza verilməsi üçün ödənilən dövlət rüsumu, müraciətə baxılmanın nəticəsindən asılı olmayaraq, geri qaytarılmır.


Diqqət! Əcnəbinin pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır.

Diqqət! Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Dövlət rüsumu

Viza rəsmiləşdirilməsi üçün tələb olunan dövlət rüsumunun dərəcələri və ödənilmə qaydaları

- “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.4  və 16.1.5-ci maddələrinə əsasən, Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən vizaların rəsmiləşdirilməsi üçün aşağıdakı məbləğdə dövlət rüsumu alınır:

birdəfəlik giriş vizası üçün - 20 ABŞ dolları

çoxdəfəlik giriş vizası üçün - 350 ABŞ dolları

tranzit vizaları üçün - 20 ABŞ dolları

Ölkələrin siyahısı (link)

Diqqət! Azərbaycan Respublikasına qrup halında getmək istəyən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin hər birindən vizanın rəsmiləşdirilməsinə görə ayrı-ayrılıqda dövlət rüsumu tutulur.

Ödənilmə ünvanı

İran Milli Bankı. “Daneşqah Təbriz” şöbəsi

Diqqət!  Viza verilməsindən imtina edildikdə şəxs tərəfindən ödənilmiş dövlət rüsumu geri qaytarılmır!

Qeyd: “Dövlət  rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 4.8-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə rüsumlar haqqında bu Qanunla və ona müvafiq olaraq qəbul edilmiş normativ-hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilməlidir

Arxiv üzrə axtarış