Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş konsulluğu tərəfindən 8 Noyabr - Zəfər Günü ilə əlaqədar təbdir keçirilib.
İran İslam Respublikasının Təbriz şəhərində reallaşan tədbirdə əvvəlcə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 8 Noyabr - Zəfər Gününə həsr olunmuş film nümayiş etdirilib və sərgi keçirilib.
Tədbirdə İranın Xarici İşlər Nazirliyinin Şimal Qərb nümayəndəliyinin əməkdaşı Behnam Məlikpur, Türkiyənin Təbrizdəki baş konsulu vəzifəsini icra edən Abdullah Dağ və Baş Konsulluğunun əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və onların ailə üzvləri və Təbriz şəhərində yerləşən Azad İslam Universitetinin azərbaycanlı tələbələri iştirak ediblər.
Baş konsul vəzifəsini müvəqqəti icra edən Rəşad Abdullayev çıxış edərək bu möhtəşəm və şərəfli günü bizlərə bəxş edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm cansağlığı arzulayıb.
R.Abdullayev qeyd edib ki, bu günü bizim üçün doğmalaşdıran və müqəddəsləşdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız düşmən tapdağından azad edilib. Qüdrətli Silahlı Qüvvələrimiz, xalqımızın qəhrəman övladları silaha sarılaraq ana torpağın müdafiəsinə qalxmış, qanları və canları bahasına əldə etdikləri bu müqəddəs Zəfərin notlarını dövlətçilik tariximizin şərəf səhifələrinə yazmışlar.
O bildirib ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi ilə təkcə öz şərəf və milli qürurunu bərpa etməmiş, eyni zamanda beynəlxalq hüququn və ədalətin müdafiəsinə qalxaraq onların keşikçisi olduğunu nümayiş etdirmişdir. Azərbaycan xalqı bu möhtəşəm Zəfəri döyüş meydanında qazanmaqla bütün dünyaya göstərmişdir ki, heç bir təcavüzkar qüvvə xalqın birliyi qarşısında davam gətirə bilməz.