27 Sentyabr - Anım Günü
27 sentyabr 2025-ci il tarixində İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun inzibati binasında 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə 27 Sentyabr – Anım Günü ilə əlaqədar sənədli film nümayiş etdirilmiş və foto şəkildən ibarət sərgi keçirilmişdir.
İlk öncə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Türkiyənin Təbrizdəki baş konsulu Mete Zaimoğlu, Baş konsulluğun əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan Respublikası vətəndaşları və onların ailə üzvləri və Tərbriz şəhərində yerləşən Azad islam universitetinin azərbaycanlı tələbələri iştirak etmişdir.
Tədbirdə çıxış edən Baş Konsul Əliyənnağı Hüseynov hər günü biri qəhrəmanlıq dastanı olan Azərbaycan xalqının dövlətçilik tarixinə qızıl hərflərlə yazdığı Vətən müharibəsinin başlamasından beş il ötdüyünü, dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm cansağlığı arzulayaraq, otuz ilə yaxın işğal altında qalan torpaqlarımız qəhrəman şəhid və qazilərimizin qanı və canı bahasına yağı düşmənin tapdağı altından, amansız işğaldan azad edildiyini, peşəkar hərbiçilərimizin, könüllü milli döyüşçülərimizin, zabit və əsgərlərimizin şücaəti, misilsiz qəhrəmanlıq sayəsində azadlığa qovuşan ana vətənimizin bir parçası uzun illərin ayrılığından sonra öz sahibinə qovuşduğunu bildirmişdir. Xalqımız hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bu yolda qurban gedən şəhidlərimizin xatirəsini uca tutur. Əbədiyyətə qovuşan şəhidlərimiz öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırıb. Hər günü bir qəhrəmanlıq dastanı olan, Azərbaycan tarixinə parlaq səhifə kimi yazılan 44 günlük Vətən müharibəsi ölkəmizin hərbi gücünün, Ordumuzun haqq işi uğrunda ədalətli savaşının nümayişinə çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı günün – sentyabrın 27-nin Anım Günü kimi qeyd edilməsi qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Vətən müharibəsinin başlanmasının əsas səbəbi, işğalçı Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ağır nəticələri, rəsmi İrəvanın işğal faktını aradan qaldırmaq niyyətində olmaması, Azərbaycanın davamlı şəkildə yeni ərazi işğalları ilə təhdid edilməsi, dünya birliyinin bu prosesə seyrçi qalması, bəzi hallarda isə işğalçı tərəfin bu və ya digər formada dəstəklənməsi olmuşdur. Aparılan sülh danışıqlarının bəhrə vermədiyini görən Azərbaycan beynəlxalq hüququn əsas prinsiplərinin əldə rəhbər tutaraq işğal altındakı əraziləri geri almaq üçün qətiyyətli mövqe nümayiş etdirmişdir.
Nəhayət, 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.
2020-ci ilin 10 oktyabr tarixində, saat 12.00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunmuşdur.
Atəşkəs elan olunmasına baxmayaraq, 11 oktyabr 2020-ci il tarixdə, gecə yarısı insanlar yuxuda ikən Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasına atılan raket nəticəsində 4-ü qadın olmaqla 10 nəfər mülki şəxs həlak olmuş, 16-sı qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanmışdır. Həmçinin həmin gün Ermənistan silahlı qüvvələri Gəncə ilə yanaşı Cənubi Qafqazın ən böyük elektrik istehsal müəssisəsi olan Mingəçevir Su Elektrik Stansiyasını da hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə də raketlər atmışdır. Xoşbəxtlikdən bu raketlər Azərbaycan ordusunun hərbi hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilmiş, tələfat və xəsarətlərin qarşısı alınmışdır. Oktyabrın 17-də isə yenə gecə saatlarında Azərbaycanın ikinci böyük insan məskəni olan Gəncə şəhərindəki yaşayış binaları təkrar misli görülməmiş bir qəddarlıqla raket atəşinə tutulmuşdur. Nəticədə 3-ü uşaq olmaqla 14 mülki şəxs qətl edilmiş, 5-i uşaq omaqla 45 nəfərdən çox insan yaralanmış, 2 azyaşlı uşaq isə itkin düşmüşdür. Təəssüf ki, Ermənistan 28 oktyabrda Bərdə şəhərində yaşayan dinc sakinləri “Smerç” raketləri ilə yenidən atəşə tutmaqla öz mənfur simasını bir daha göstərmişdir. Belə ki, Bərdədə dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirilməsi nəticəsində aralarında uşaq və qadınların da olduğu 21 dinc sakin həlak olmuş, 70-ə yaxın mülki şəxs yaralanmışdır. 27 sentyabr 2020-ci il tarixdən 04 noyabr 2020-ci il tarixədək olan rəsmi statistikaya görə 11-i uşaq olmaqla, 91 azərbaycanlı dinc sakin Ermənistan silahlı qüvvələri tərəfindən öldürülmüş, 405 nəfər isə yaralanmışdır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli qələbə müasir dünyanın hərb tarixinə qızıl hərflərlə yazılmışdır.
Şanlı döyüş dövründə bir an da olsa dayanmayan, bir qarış da olsa geri çəkilməyən Azərbaycan Ordusu bütün dünyaya sübut etdi ki, bütün Azərbaycan xalqı öz tarixi torpaqlarını düşməndən azad etmək üçün tam şəkildə müfəssəl əsgərdir. Eyni zamanda Ordumuzun düşmənin mülki əhalisinə göstərdiyi yüksək humanizim dünya hərb tarixində insanlıq qayğısı kimi tarix qazandı. Müharibənin birinci günü Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev televiziya ilə xalqa müraciət edərək Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə törətdiyi təxribatlara cavab olaraq Ordumuzun genişmiqyaslı əks-hücum əməliyyatına başladığını bəyan etdi. Müraciətdə deyilirdi: “Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. Dövlətimizin başçısının xalqa müraciətində dediyi bu sözlər hər bir azərbaycanlını düşmən üzərində Qələbəyə ruhlandıran şüara çevrildi. İkinci Qarabağ müharibəsində qazanılan Zəfərin ən mühüm amillərindən biri xalqımızın Vətən torpaqlarının azad olunması naminə öz dövləti və ordusu ətrafında sıx birləşməsi oldu. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız, ölkəmizin haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön və arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir. İşğalçı Ermənistan Vətən müharibəsindən sonra da özünün hərbi təxribatlarından əl çəkmədi. Yeni geoasiyasi vəziyyətdə sülhə nail olmaq şanslarını əldən verən rəsmi İrəvan götürdüyü öhdəlikləri yerinə yetirmək istəmədi. Bütün bunlar azmış kimi, Azərbaycana qarşı hərbi güc tətbiq etmək üçün revanşlara başlanıldı. Nəticədə, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi, eləcə də törədilən fasiləsiz silahlı-dversiya təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələri 2023-cü il sentyabrın 19-da lokal xarakterli antiterror əməliyyatı başladı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycan Respublikasının Prezidentinin 19 sentyabr 2024-cü il tarixli müvafiq Sərəncamı ilə 20 sentyabr Dövlət Suverenliyi Günü kimi təsis edilmişdir. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı. Vətən müharibəsində şanlı Qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına qazanılıb, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən qanlı döyüşlərdə 2 min 900-dən çox əsgər və zabitimiz şəhid olub. Şəhid və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Xalqımız və bütün dünya azərbaycanlıları şəhidlərin əziz xatirəsini təkcə bu gün (27 Sentyabr - Anım Günü) deyil, həmişə ehtiramla yad edir və edəcək.
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa edəndən sonra uzun zaman kəsimində Ermənistanın işğalçılıq siyasətindən və erməni separatizmindən əziyyət çəkib. Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin tam bərpası Müzəffər Ali baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qəhrəman ordumuzun qazandığı şücaətdir. Bu tarixi qələbəni, Azərbaycanın yenilməz Lideri, qəhrəman ordusu və xalqımızın birliyi qazanıb. Bu tarixi zəfər ümummilli Lider Heydər Əliyevin milli dövlətçilik ideyalarının təntənəsidir.
Azərbaycan respublikasının müstəqilliyi əbədidir, dönməzidr.
Allah Ulu Öndərimizə və bütün şəhidlərimizə rəhmət eləsin!