2020-05-10
Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə xatirə tədbiri keçirilmişdir.

10 may 2020-ci il tarixdə Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda Azərbaycan xalqının ümum­milli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu Əliyənnağı Hüseynov çıxış edərək ümummilli lider Heydər Əliyevin Naxçıvandan başlanan şərəfli ömür yolundan və Azərbaycan dövlətçiliyi naminə həyata keçirdiyi fədakar fəaliyyətindən danışmışdır. Qeyd etmişdir ki, istər Sovet İttifaqı dövründə, istərsə də müstəqillik illərində Heydər Əliyevin öz xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil etməkdədir. Belə ki, SSRİ dövründə geri qalmış respublikalardan biri olan Azərbaycanın Heydər Əliyevin rəhbərlik etdiyi 1969-1982-ci illərdə qabaqcıl respublikalardan birinə çevrilməsi danılmaz və unudulmaz həqiqətdir. Məhz həmin illərdə çox möhkəm sənaye potensialı yaradılmış, müxtəlif infrastruktur layihələri icra edilmişdir. O layihələr ki, bu gün də müstəqil Azərbaycana xidmət göstərməyə davam edir. Sovetlər Birliyi dövründə Heydər Əliyev qurub yaradan dahi rəhbər kimi tanınırdısa, müstəqillik illərində daha çox xilaskarlıq missiyası ilə ön plana çıxmışdır. Vurğulanmışdır ki, 1993-cü ildə yeni müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasını dağılmaqdan və müstəqilliyini yenidən itirməkdən Ümummilli Lider Heydər Əliyev xilas etmişdir. Ulu Öndərin müdrikliyi, siyasi və dövlətçilik təcrübəsi, o cümlədən möhkəm iradəsi sayəsində ölkə fəlakətdən qurtarılmış, respublikamız hərtərəfli və dinamik inkişaf yoluna qədəm qoymuşdur.

Qeyd olunmuşdur ki, Ulu Öndər Heydər Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı çətinliklərə baxmayaraq ölkə iqtisadiyyatını dirçəltmiş, Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirmiş, respublikanın beynəlxalq əlaqələrini möhkəmləndirərək gələcək inkişafa hesablanmış neçə-neçə iri layihələrin, xüsusilə uğurlu neft strategiyasının təməlini qoymuşdur.

 Baş konsul müstəqil Azərbaycan Respublikasının 1993-cü ildən bu günədək inkişaf yolunda inamla irəlilədiyini, ümummilli liderin müəyyən etdiyi siyasi kursun Prezident cənab İlham Əliyev tərəfindən yaradıcı şəkildə davam etdirilməsi nəticəsində qazanılan möhtəşəm uğurların ölkəmizin qüdrətini daha da artırdığına diqqət çəkmişdir. Qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq müstəvidə, eləcə də ölkə reallıqları çərçivəsində ümummilli liderin yolunu uğurla davam və inkişaf etdirməsi möhtəşəm nailiyyətlər ortaya qoymaqdadır. Neft və qeyri-neft sektorunun inkişafı, aqrar islahatların aparılması, insan amilinin yüksək dəyərləndirilməsi, xarici siyasət, hərbi,  elm, təhsil, mədəniyyət, səhiyyə, texnologiya kimi ən müxtəlif sahələrdə mühüm uğurların qazanılması bunu bir daha sübut edir.

Baş konsul Ə.Hüseynov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və ulu öndər kimi qaldığını və hər zaman da elə qalacağını qeyd etmiş, onun hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət və böyük dövlət xadimi olduğunu vurğulamışdır.

Sonda ulu öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunmuşdur.  

Xatırladaq ki, ulu öndərin anadan olmasının ildönümü ilə əlaqədar İran İslam Respublikasının bir neçə informasiya mənbələrində – “Sorxab” qəzeti, “hamnava.ir”, “sarirnews.com” və “shabestan.ir” internet səhifələrində məqalələr dərc olunmuş, dahi rəhbərin həyat və fəaliyyətinin müxtəlif aspektləri işıqlandırılmışdır.

 

əvvəlki xəbər