2019-01-17
20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar anım mərasimi

Azərbaycanın Təbriz şəhərindəki Baş Konsulluğu tərəfindən 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Mərasimdə baş konsul Əliyənnağı Hüseynov Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan 20 Yanvar tarixinin mahiyyəti barədə çıxış etmişdir.

Qeyd olunmuşdur ki, 1990-cı ilin 20 Yanvar hadisələri keçmiş sovet dövlətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz və insanlığa qarşı törədilmiş ən ağır cinayət idi. Mərkəzi hökumətə arxalanan ermənilərin Dağlıq Qarabağa qarşı təcavüzünə etiraz edən dinc əhaliyə yönəldilmiş silahlı basqın nəticəsində yüzlərlə günahsız insan qətlə yetirilmişdir. Bununla da totalitar sovet rejimi cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirmişdir.

Baş konsul nəzərə çatdırmışdır ki, 1990-cı ilin yanvar ayında Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda hakimiyyətin təhlükədə olduğunu bəhanə edərək qoşun yeridilməsi üçün dezinformasiyalar yaymışdılar. Belə bəhanələrə əsasən 1990-cı il yanvarın 19-da M.Qorbaçov SSRİ Konstitusiyasını kobud şəkildə pozaraq, Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalamışdır. SSRİ Dövlət Təhlükəsizlik Komitəsi yanvarın 19-da Azərbaycan televiziyasının enerji blokunu partlatmış, respublika ictimaiyyəti tamamilə məlumatsız qalmışdır. Həmin gecə şəhərə yeridilən qoşun hissələri fövqəladə vəziyyətdən xəbərsiz əhaliyə amansız divan tutmuşdur. M.Qorbaçovun fövqəladə vəziyyətin elan edilməsi haqqında fərmanı qüvvəyə minənədək – yanvarın 20-də saat 00-dək 9 nəfər qətlə yetirilmiş, Bakıda fövqəladə vəziyyətin elan edilməsinə dair məlumat əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də radio vasitəsi ilə bildirilmişdir.

Qeyd olunmuşdur ki, 20 yanvar faciəsi nəticəsində 147 nəfər mülki şəxs amansızcasına qətlə yetirilmiş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs edilmiş, 200 ev və mənzil, 80 avtomobil, o cümlədən təcili yardım maşınları məhv edilmiş, dövlət və şəxsi əmlaka külli miqdarda ziyan vurulmuşdur. Dövlət səviyyəsində həyata keçirilən bu terror aksiyası ilə SSRİ rəhbərliyi xalqı qorxudub onu azadlıq və müstəqillik yolundan döndərmək, Dağlıq Qarabağın işğalına göz yummağa məcbur etmək istəyirdi. Lakin məqsədinə nail olmamış, 20 Yanvar faciəsi Azərbaycan xalqının daha inamla müstəqilliyə doğru addım atmasına səbəb olmuşdur.

Ə.Hüseynov qeyd etmişdir ki, 20 Yanvar faciəsi dünyanın bir çox ölkələrində, o cümlədən İran İslam Respublikasında etirazla qarşılanmış, İranın Milli Təhlükəsizlik Şurası bu barədə bəyanat qəbul etmiş, İranın Ali Rəhbəri, prezidenti və İran parlamentinin 160-dan çox üzvü tərəfindən M.Qorbaçovun Azərbaycana silahlı təcavüzü kəskin tənqid edilmiş, İran mətbuatı isə bu hadisəni xalqa qarşı qırğın adlandırmışdır.

O zaman Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev güclü siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan Nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə tənqid etmişdir. Ulu Öndərin bu addımı o dövrdə çətin günlər yaşayan xalqımıza böyük dayaq və dəstək olmuşdur. Məhz Heydər Əliyevin bəyanatından sonra Azərbaycan xalqı azadlıq uğrunda mübarizəsini davam etdirmişdir. Hadisələrdən az müddət sonra Heydər Əliyev kommunist partiyasının sıralarını tərk edib xalqının dar günündə Azərbaycana qayıtmışdır. O, doğulduğu Naxçıvana qayıdaraq 1990-cı ilin sentyabrında keçirilən seçkilərdə Naxçıvan Ali Sovetinin Sədri seçilmışdir. Ali Sovetin ilk sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə 3 mühüm qərar qəbul olunmuşdur. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılmış, Azərbaycan Xalq Cümhuriyyətinin 3 rəngli milli bayrağı dövlət bayrağı kimi qəbul edilmiş və ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən 1990-cı il noyabrın 21-də Qanlı Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmişdir.

1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə qayıdışından sonra isə Heydər Əliyevin müvafiq Sərəncamı ilə 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edilmiş, Şəhidlər xiyabanı yenidən qurulmuş, “Əbədi məşəl” abidə-kompleksi yaradılmış, “20 Yanvar” şəhidi fəxri adı təsis edilmişdir.

Bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar hadisələrində əlil olmuş şəxsləri və şəhid ailələrini diqqət mərkəzində saxlayır.

Baş konsul bildirmişdir ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməmiş, həmin gecədə həlak olan vətən oğulları Azərbaycan tarixinə parlaq səhifə yazaraq xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.

Çıxışdan sonra 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilmiş, mərasim iştirakçıları 20 Yanvar hadisələrinə aid fotostend və işğalçı Ermənistanın Azərbaycana qarşı törətdiyi terror aktlarını özündə əks etdirən kitab, jurnal, DVD filmlər, qəzet və bukletlərlə tanış olmuşlar.

növbəti xəbər əvvəlki xəbər