2018-12-12
Xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar anım mərasimi

Xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Azərbaycanın İranın Təbriz şəhərindəki Baş Konsulluğu tərəfindən 9 dekabr 2018-ci il tarixdə anım mərasimi keçirilib.

Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, müqəddəs Qurani-Kərimdən ayələr oxunub.

Baş konsul Əliyənnağı Hüseynov ulu öndər Heydər Əliyevin xatirəsinin həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda ehtiramla yad edildiyini bildirərək, Ümummilli Liderin müstəqil dövlətimizin hərtərəfli inkişafı yolundakı əvəzsiz tarixi xidmətlərindən danışıb. Qeyd olunub ki, dahi şəxsiyyət öz müstəsna xidmətləri ilə xalqın qəlbinə və tarixin yaddaşına əbədi həkk olunub.

Müstəqilliyin ilk illərində Azərbaycanda ictimai-siyasi sabitlik pozulmuş, torpaqlarımız işğala məruz qalmışdı. Azərbaycan uçurumun astanasında dayanmışdı. Təcrübəli dövlət xadimi böyük səyləri nəticəsində ölkədə ictimai-siyasi sabitliyi bərpa etdi, bədnam qonşularımız tərəfindən torpaqlarımızın işğalının qarşısını aldı. Heydər Əliyev Azərbaycanın dünya siyasətində geosiyasi mövqeyini müəyyənləşdirən siyasi-iqtisadi konsepsiya hazırladı və ölkəni inkişaf yoluna yönəltdi.

Baş konsul diqqətə çatdırıb ki, bu gün Ulu Öndərin siyasi kursu onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqının demokratik və hüquqi dövlətdə yaşaması, xoşbəxt gələcəyinin təmin edilməsi, müstəqilliyin davamlı xarakter daşıması Ümummilli Liderin quruculuq missiyalarının məntiqi nəticəsidir.

Ulu Öndərin müəyyənləşdirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan dünyada layiqli yerini tutub, beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınıb. Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra işğalçı Ermənistan istisna olmaqla bütün dövlətlərlə, o cümlədən qonşu ölkələrlə yaxın münasibətlərin qurulması və inkişaf etdirilməsinə nail olunub.

Ə.Hüseynov bildirib ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri İrandır. İran ilə səmimi qonşuluq və əməkdaşlıq siyasəti aparılır, yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilir. İranın siyasi rəhbərliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyü dəstəklənir.

Sonra İranın Şərqi Azərbaycan valisinin siyasi, təhlükəsizlik və ictimai məsələlər üzrə müavini vəzifəsini icra edən və Təbrizin icra hakimiyyətinin başçısı Əliyar Rastqu çıxış edib. Bildirib ki, Heydər Əliyevin xatirəsi İranın Şərqi Azərbaycan valisi tərəfindən də hörmətlə yad edilir.

Ə.Rastqu Heydər Əliyevin həm Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, həm də Prezident olduğu dövrlərdə İran ilə əlaqələrin inkişafına xüsusi diqqət göstərdiyini deyib və Azərbaycanın ərazi bütövlüyünün İran tərəfindən dəstəkləndiyini vurğulayıb. İki ölkə prezidentlərinin qarşılıqlı səyləri nəticəsində İran ilə Azərbaycanın mövcud əməkdaşlığının inkişafından bəhs edib. Ə.Rastqu İran-Azərbaycan-Türkiyə və İran-Azərbaycan-Rusiya kimi üçtərəfli və İran-Azərbaycan-Gürcüstan-Türkiyə kimi dördtərəfli əməkdaşlıqların iqtisadi mənafeyi ilə yanaşı, regionda sabitlik və təhlükəsizliyi də gücləndirdiyini diqqətə çatdırıb.

Çıxışdan sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.

İranın Ali rəhbərinin Şərqi Azərbaycan vilayətindəki nümayəndəsinin aparatının sədri, hüccətülislam Seyid Əli Fəqih ulu öndər Heydər Əliyevin ruhuna dua oxuyub.

Anım mərasimində İranın Şərqi Azərbaycan vilayətinin mədəniyyət və islami irşad baş idarəsinin rəhbəri Məhəmməd Məhəmmədpur, Təbriz şəhərinin Ticarət, Sənaye, Mədənlər və Kənd Təsərrüfatı Palatasının sədri Səməd Həsənzadə, Xarici İşlər Nazirliyinin Şimal-Qərb nümayəndəliyinin rəhbəri İsmayıl Rağeb Babayi, Təbriz Universitetinin rektoru professor Mir Rza Məcidi, Türkiyə Respublikasının Təbrizdəki baş konsulu Hüseyn Güngör, şəhər ictimaiyyətinin və KİV nümayəndələri, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.

növbəti xəbər əvvəlki xəbər