2017-02-25
Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar Baş Konsulluqda anım mərasimi keçirilmişdir.

25 fevral 2017-ci il tarixində İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunda Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir. Mərasimdə ilk öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

 Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu Əliyənnağı Hüseynov XX əsrin ən dəhşətli cinayəti olan Xocalı soyqırımı barədə mərasim iştirakçılarına ətraflı məlumat vermiş, bir müddət Xocalı soyqırımı, onun səbəb, məqsəd və nəticələrinin dünya ictimaiyyətindən gizlədilməsinə böyük cəhdlər edildiyini bildirmişdir. Lakin ümummilli lider Heydər Əliyev ilk dəfə olaraq Xocalı soyqırımının əsl mahiyyətini açıqlayıb, hələ 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət verib. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmasını, zəbt edilmiş torpaqlarımızdan erməni işğalçı qüvvələrinin çıxarılmasının zəruriliyini daim qətiyyətlə vurğulayır, xalqımıza qarşı soyqırımı cinayətini törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan edib.

Beləliklə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla hücum edərək Xocalı şəhərini yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər şəklə salınanlar çoxluq təşkil edirdi. Çıxışda soyqırımın dəhşətli nəticələri mərasim iştirakçılarının nəzərinə çatdırılmışdır. Bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst olmuşdu ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.

Baş konsul çıxışında bildirmişdir ki, planlı şəkildə həyata keçirilən bu soyqırımının məhz Xocalıda törədilməsi zamanı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd kimi qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə aid ərazilərdən biri kimi tarix və mədəniyyət abidələri ilə seçilirdi. Azərbaycanlılardan ibarət 7 min nəfərdən çox əhalisi olan Xocalı ermənilər yaşayan kəndlərin əhatəsində ən böyük və qədim yaşayış məskəni olmuşdur. Xocalı soyqırımının törədilməsinə qərar verən erməni siyasətçiləri və din xadimləri bu cinayəti törətməkdə daha bir məqsədi yerli azərbaycanlı əhalidə xof yaradıb ətraf bölgələrin əhalisini didərgin salmaq olmuşdur.

 Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir. Soyqırımın törədilməsində 50-dən artıq erməni zabit və praporşik iştirak etmişdir. Acınacaqlı haldır ki, Xocalıya hücumu planlaşdıran, təşkil edən və həyata keçirən erməni siyasətçilərin əksəriyyəti hazırda təcavüzkar Ermənistanda siyasi hakimiyyətdə təmsil olunurlar, Soyqırımı törədən hərbiçilər Ermənistan ordusunda komandanlıq edirlər.

İndi qarşıda duran əsas vəzifə Xocalı soyqırımının Soyqırım aktı kimi dünya birliyi tərəfindən tanınmasına nail olmaqdır. Bildiyiniz kimi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis olunan “Xocalıya ədalət” kampaniyasının fəaliyyətinə 2009-cu ilin fevralından start verilmişdir.  Bu kampaniya böyük işlər görməkdədir. Xocalı soyqırımının dünya birliyi tərəfindən tanınması məsələsinə gəldikdə burda ilk növbədə İslam Əməkdaşlıq Təşkilatının qətiyyətli mövqeyini diqqətə almaq lazımdır.

Azərbaycan dövlətinin məqsədyönlü xarici siyasəti nəticəsində dünyanın bir sıra dövlətləri, o cümlədən beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanımış, parlament və hüquq orqanları tərəfindən Soyqırım aktı kimi pislənilmişdir. 

Ötən dövrdə Xocalı soyqırımının dünya birliyi tərəfindən tanınması üçün bir sıra tədbirlər həyata keçirilib. O cümlədən soyqırımı qurbanlarının əziz xatirəsinə həsr olunan filmlər çəkilib, sənədli kitablar ortaya çıxıb, roman, povest və hekayələr yazılıb. Bunların bir qismi Xocalı soyqırımından sonra erməni əsirliyində olan azərbaycanlılar tərəfindən həyata vəsiqə qazanıb. Dünyanın bir sıra ölkələrində Xocalı soyqırımını əks etdirən heykəllər ucaldılıb, park və meydanlar salınıb. Bütün bunlarda məqsəd dünyanın heç bir yerində bir daha belə bir soyqırımın törədilməsinə imkan verməməkdir.

Mərasimdə həmçinin Türkiyə Respublikasının Təbrizdəki Baş konsulu Çağlar Fahri Çakıralp çıxış edərək Xocalı soyqırımı ilə bağlı öz fikirlərini bölüşmüşdür.

Çıxışdan sonra Xocalı soyqırımından bəhs edən sənədli film nümayiş etdirilmişdir. Mərasim iştirakçıları Baş Konsulluq tərəfindən hazırlanmış erməni təcavüzü və Xocalı soyqırımına aid şəkillərdən ibarət foto-stendə baxış keçirmiş, işğalçı Ermənistan dövlətinin Azərbaycana qarşı terror və təcavüz aktlarını özündə əks etdirən kitab, jurnal, DVD filmlər, buklet və qəzetlərlə tanış olmuşlar. Hadisələrə dair məlumatların Azərbaycan və fars dillərində əks olunduğu qəzetlər və vərəqələr, ingilis və fars dillərində broşuralar, Azərbaycan tarixinə dair kitab və jurnallar mərasim iştirakçılarına paylanmışdır.

Mərasimdə İran İslam Respublikası Şərqi Azərbaycan Valiliyinin əməkdaşı Ərəcani, Təbriz şəhər İcra Hakimiyyətinin başçısının müavini Səid Bərzigər, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Ərdəbil Vilayətindəki Nümayəndəliyinin rəhbəri Yəzdan Məlekan, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb nümayəndəliyinin əməkdaşı, Türkiyənin Təbrizdəki Baş konsulu və Baş Konsulluğunun əməkdaşları və Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və onların ailə üzvləri iştirak etmişlər.

 

növbəti xəbər əvvəlki xəbər