2017-01-19
Azərbaycanın Təbrizdəki baş konsulluğunda 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Mərasimdə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb nümayəndəliyinin rəhbəri İsmail Raqib Babayi, Şərqi Azərbaycan Valiliyinin və Təbriz şəhər fərmandarlığının məsul işçiləri, Türkiyənin Təbrizdəki baş konsulu Çağlar Fahri Çakıralp və konsulluğun əməkdaşları, həmçinin şəhər ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın Təbrizdəki baş konsulu Əliyənnağı Hüseynov çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycan tarixinə qanlı və eyni zamanda, şanlı hərflərlə yazıldığını, keçmiş sovet imperiyasının əsasən ermənilərdən təşkil olunmuş ordu birləşmələri tərəfindən törədilmiş bu faciənin əsas məqsədinin xalqımızın azadlıq mübarizəsini boğmaq, Azərbaycanı imperiyanın tərkibində saxlamaq, torpaqlarının bir qisminin Ermənistanın tərkibinə qatılmasını təmin etmək olduğunu bildirib.

Ermənilərin tarix boyu sovet imperiyasının köməyi ilə Azərbaycan torpaqlarının bir qismini işğal etməsi barədə faktlar və azərbaycanlılara qarşı həyata keçirilən soyqırımları, terror aktları barədə məlumat verən Ə.Hüseynov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə də yüzlərlə günahsız və əliyalın Azərbaycan vətəndaşının - qadın, qoca və uşaqların vəhşicəsinə qətlə yetirildiyini diqqətə çatdırıb. Bu hadisələrin Azərbaycan xalqının azadlıq yolunda mübarizəsini boğa bilmədiyi, xalqımızın qələbəsi ilə başa çatdığı, Azərbaycanın müstəqil dövlət olaraq öz adını yenidən tarixə yazdığı qeyd edilib. Baş konsul Azərbaycanın həmin dövrdə baş vermiş qətliamın qarşısının alınması üçün heç bir iş görməyən o zamankı rəhbərliyinin öz vəzifələrini qorumaq üçün hətta sonradan hadisələrin nəticələrini də ört-basdır etməyə çalışdıqlarını, yalnız ümummilli lider Heydər Əliyevin həmin dövrdə Moskva şəhərində verdiyi etiraz bəyanatı, mətbuat qarşısında çıxışı nəticəsində bu hadisələrin dünya ictimaiyyətinin diqqətinə olduğu kimi çatdırıldığını, sonradan da Ulu Öndərin sayəsində bu hadisələrə siyasi-hüquqi qiymətin verildiyini vurğulayıb.

Çıxışlardan sonra 20 Yanvar faciəsinə dair sənədli film nümayiş etdirilib.

Mərasimin sonunda tədbir iştirakçılarına faciəyə dair Azərbaycan və fars dillərində məlumatlar, kitablar, DVD-lər, qəzet və digər əyani materiallar paylanıb.

Sonra iştirakçılar baş konsulluq tərəfindən hazırlanmış 20 Yanvar faciəsinə aid şəkillərdən ibarət fotostendə baxıb, işğalçı Ermənistan dövlətinin azərbaycanlılara qarşı törətdiyi terror və təcavüz aktlarından, 20 Yanvar faciəsindən bəhs edən kitab, jurnal, buklet və qəzetlərlə tanış olublar.

növbəti xəbər əvvəlki xəbər