2016-06-14
İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin "azargalam.ir" xəbər saytında "Azərbaycanın Ağdam Cümə məscidinin məzlum hekayəsi" adlı məqalə dərc edilmişdir

Azərqələm - Ağdam şəhərində yerləşən Ağdam Cümə məscidi 1868-1870-ci illərdə tikilmişdir. Memarı Kərbəlayi Səfixan Qarabaği, dekor tərtibini verən ustad Məhəmməd Nəqqaş Təbrizi olmuşdur. Məscidin binası daşdan, minarələr isə kərpicdən hörülmüşdür.

Memar Kərbəlayi Səfixan Qarabaği 1817-ci ildə Şuşa şəhərində doğulmuş, 1910-cu ildə bu şəhərdə vəfat etmişdir. Onun Azərbaycanın Şuşa, Ağdam, Bərdə, Füzuli şəhərlərində, eləcə də Ukraynanın  Odessa (Tatarlar məscidi) və Türkmənistanın Aşqabad şəhərlərində  (Qarabağ məscidi) ucaltdığı məscidlər bu gün də memarlıq nümunələri hesab olunur. Kərbəlayi Səfıxan Qarabağinin memarlığı əsasında “Qarabağ məscid memarlığı’’ adlı üslub formalaşmışdır ki, onu Səfəvi memarlığının bir tərkib hissəsi hesab etmək olar. Onun memarlıq əsərlərində Təbriz, Marağa, Ərdəbil məscidlərinin memarlığı elementlərindən də istifadə edilmişdir.

Ağdam şəhərinin Cümə məscidinin mehrab taxçasının kitabəsində məscidi bəzəyən nəqqaş  - Məhəmməd Nəqqaş Təbrizinin adı qeyd olunmuşdur. Mənbələrdə Kərbalayi Nəqqaş Təbrizinin oğlu Məhəmməd Nəqqaş Təbrizi və ya Məhəmməd Şükuhi Təbrizi kimi qeyd olunan bu nəqqaş haqqında təəssüf ki, ətraflı məlumat qalmayıb. Lakin onun Ağdam Cümə məscidindəki bəzək işlərini tədqiq edənlər onda sənəti və sənətkarı duymaq qabiliyyətinin çox güclü olduğunu vurğulayırlar.

Ağdam şəhəri 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş və Azərbaycan memarlığının incilərindən sayılan Ağdam Cümə məscidi də erməni təcavüzünün qurbanına çevrilmişdir. Məscidin minarələri daxildən sökülmüş, tavanı bir neçə yerdən uçurulmuş, dizayn və yazıları pozulmuşdur. Hazırda işğal altında qalan bu məscid məqsədli şəkildə dinimizi təhqir etmək üçün təhqirlərə məruz qalmış, tövləyə çevrilmişdir.  Son zamanlarda bu məscidin ermənilər tərəfindən hərbi qərargaha çevrilməsi məlum olmuşdur. Cümə məscidinin bugünkü vəziyyəti 1954-cü il qəbul edilmiş “Silahlı münaqişə baş verdikdə mədəni dəyəriərin qorunması haqqında” Haaqa Konvensiyasının ermənilər tərəfındən pozulduğunu bir daha təsdiqləyir.

Memar Kərbəlayi Səfixan Qarabağinin Şuşa şəhərində ucaltdığı digər məscidlərdən olan Yuxarı Gövhər Ağa məscidi, Aşağı Gövhər Ağa məscidi və Saatlı məscidi onun böyük memarlıq əsərlərindəndir. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın əzəli torpağı Şuşanı işğal etməsi ilə bu məscidlər də əsir abidələrə çevrilmiş, düşmən tapdağı altında qalmışdır.

   (http://azargalam.ir/?p=46429).  

növbəti xəbər əvvəlki xəbər