2017-07-02
Prezident İlham Əliyev Cocuq Mərcanlıda tikilmiş məscidlə tanış olub

2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır.

Cocuq Mərcanlı kəndində Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan məscid tikilib. Bu müqəddəs ocağın inşası işğalçı Ermənistana və beynəlxalq aləmə bir mesajdır. Bu, bir daha dünyaya bəyan edir ki, Azərbaycan İslam dünyasının bir parçasıdır, öz tarixi keçmişinə sadiqdir. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərinin inşası həm də o deməkdir ki, gün gələcək Şuşadakı məscid də bərpa ediləcək. Məscidin tikilməsi, həmçinin 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsinə dəyərli töhfədir.

Prezident İlham Əliyev ölkədə milli-mənəvi dəyərlərin qorunub saxlanmasında müstəsna xidmətlər göstərir. Dövlətimizin başçısı İslam dininin xalqımızın həyatındakı rolunu, onun milli kimliyimizin formalaşmasındakı əhəmiyyətini nəzərə alaraq ölkədəki dini ibadətgahların qorunmasında, onların gələcək nəsillərə çatdırılmasında əsl fədakarlıq nümayiş etdirir.

  

 

növbəti xəbər əvvəlki xəbər

 

bakushop