2017-02-24
XOCALI SOYQIRIMI

Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən, bəşər tarixinə böyük qanlı faciə kimi daxil olan Xocalı soyqırımından 25 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin ağır texnikası şəhərə yeridilmiş, cinayətkarlar dinc insanları amansızcasına qətlə yetirmişlər. Şəhər yerlə yeksan edilmiş, yaşayış evləri və sosial infrastruktur tamamilə dağıdılmış və yandırılmışdır. Xocalı soyqırımı zamanı 613 nəfər insanın həyatına son qoyulmuş, yüzlərlə dinc sakin ağır yaralanmış, 1275 nəfər girov götürülmüşdür. Əsir və girov götürülənlərə amansız işgəncələr verilmişdir.

Bu faciəni törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ ilə yanaşı, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min azərbaycanlının həyatına son qoyulmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşərək, əsas hüquqları kobudcasına pozulmuşdur.

Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının əsl mahiyyətini açıqlamış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət vermişdir.

Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin mümkünlüyünü vurğulamış və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasına və soyqırımı törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini bəyan etmişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və geniş vüsət almış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada təbliğ olunmasında, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır, bunun nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilir.

Son dövrlər bütün dünyada ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı siyasəti pislənilir, Xocalıda törədilmiş qanlı qətliam beynəlxalq hüquq normalarına uyğun olaraq qiymətləndirilir. Artıq Pakistan, Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sudan, İordaniya, Honduras, Qvatemala, Panama, Sloveniya və Cibuti parlamentləri də Xocalı soyqırımını beynəlxalq hüquq normaları müstəvisindən tanımışlar.

Habelə ABŞ-ın artıq 21 ştatı - Massaçusets, Texas, Nyu-Cersi, Meyn, Nyu-Meksika, Arkanzas, Corciya, Oklahoma, Tennesi, Pensilvaniya, Konnektikut, Florida, Missisipi, Vest Virciniya, İndiana, Yuta, Nebraska, Havay, Montana, Arizona və Aydaho ştatlarının qanunverici orqanlarında müvafiq qətnamələr qəbul olunmuşdur.

İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır. Bu təşkilatın Gənclər Forumunun dünyanın çoxsaylı ölkələrində həyata keçirdiyi “Xocalıya ədalət!” kampaniyasının məramı beynəlxalq ictimaiyyəti bu qanlı hadisə ilə bağlı ətraflı  məlumatlandırmaqdır.

Xocalı faciəsinin 25-ci ildönümü ərəfəsində şəhidlərin xatirəsini dərin hüznlə yad edərək bildiririk ki, ikili standartlara yol vermədən, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq, bu hadisə xüsusi beynəlxalq komissiya tərəfindən araşdırılmalı, beynəlxalq qurumlar tərəfindən genosid aktı kimi tanınmalı, cinayət törədənlər isə məsuliyyətə cəlb edilməlidir. Nüfuzlu beynəlxalq qurumları birmənalı mövqe nümayiş etdirərək, bir daha bu soyqırımını pisləməli, onu törədənlərə ədalətli cəzaların tezliklə verilməsi üçün səylərini artırmalıdırlar.

Hər ilin fevral ayının 26-da minlərlə insan Xocalı soyqırımı abidəsini ziyarət edir, abidənin önünə qərənfillər düzür, şəhidlərin xatirəsini yad edir. Bu qanlı hadisəni Azərbaycan xalqı daim xatırlayır, bu soyqırımı törədənlərə öz dərin nifrətini bildirir. Xocalı Soyqırmı xalqımızın qan yaddaşında əbədi yaşayacaqdır. 

növbəti xəbər əvvəlki xəbər