2017-01-09
NAXÇIVAN DUZDAĞ FİZİOTERAPİYA MƏRKƏZİ

NAXÇIVAN DUZDAĞ FİZİOTERAPİYA MƏRKƏZİ

      Duzdağ Fizioterapiya Mərkəzi Naxçıvan şəhərindən 14 km uzaqlıqda, 1173 metr hündürlükdə və 5 ulduzlu “Duzdağ” mehmanxanasından iki kilometr məsafədə yerləşir. Yeraltı və yerüstü hissələrdən ibarət olan Mərkəz 1979-cu ildən xəstəxana kimi fəaliyyətə başlamış, 2006-cı ildə yenidənqurma işləri aparılmış, müasir avadanlıqlarla və ləvazimatlarla təmin olunmuşdur. Hazırda Mərkəzdə 300 yataq yeri mövcuddur. Mərkəzdə il ərzində 1600-1700 xəstə qəbul edilir. Burada İki qadın, iki kişi, bir uşaq palatası və iki istirahət foyesi fəaliyyət göstərir. 

      Duzdağ Fizioterapiya Mərkəzində əsasən, allergik xəstəliklərdən, xüsusilə bronxial-astmadan əziyyət çəkənlər müalicə alırlar. Mərkəzdə tənəffüs orqanları xəstəliklərini uğurla sağaltmaq mümkündür. Mağarada duz layları arasında düz oksigen havanın 20 faizini təşkil edir ki, bu da ağciyər xəstəliklərindən əziyyət çəkənlərə təbiətin bəxş etdiyi ən gözəl dərmandır. Duzun tərkibindəki zəngin minerallar və kimyəvi elementlər də orqanizmə müsbət təsir göstərir. Oksigen və zəngin duz minerallarının yaratdığı hava ağciyər xəstəlikləri – bronxial astma və bu kimi xroniki xəstəliklərin müalicəsində müstəsna rola malikdir. Burada istənilən adam ilin bütün fəslində müalicə ala bilər. Yalnız müalicə kursları fərqlidir. Uşaqlar 12-15, böyüklər isə 14-18 gün yer altında yaşamaqla müalicə almış olurlar. Müxtəlif ağırlıq dərəcəli bronxial asma xəstəsi olan böyüklərdə yaxşılaşma faizi 80-86% təşkil edir. Uşaqlarda isə bu nəticə 96-98% təşkil edir.

növbəti xəbər əvvəlki xəbər