2016-05-29
2016-05-29Ağdam Cümə məscidinin Ermənistan tərəfindən hərbi qərargaha çevrilməsi ilə bağlı AR XİN-in mətbuat xidmətnin rəhbərinin açıqlaması

Ermənistanın da qoşulduğu “Silahlı münaqişələr zamanı mədəni abidələrin qorunmasına dair” 1954-cü il Haaqa konvensiyasının 4-cü bəndinə, konvensiyanın 1-ci və 2-ci əlavə protokollarına və digər beynəlxalq sənədlərə görə müharibə şəraitində maddi-mədəniyyət abidələrinin hərbi məqsədlərlə istifadə edilməsi qadağandır. Azərbaycanın tarixi və mədəni abidələrin qorunmasına dair qanununa əsasən abidələr hərbi məqsədlərlə istifadə edilə bilməz. Silahlı münaqişələr zamanı mədəni mülkiyyət və mədəni irsə qarşı aktlar beynəlxalq cinayət hüququ ilə müharibə cinayəti hesab olunur. Vandalizmə məruz qoyulmuş Ağdam Cümə məscidinin Ermənistan tərəfindən hərbi qərargaha çevrilməsi və hərbi məqsədlərlə istifadə edilməsi sıradan olan adi hal deyil. Ermənistan tərəfindən üzərinə götürdüyü beynəlxalq öhdəliklərinə zidd olaraq, işğal olunmuş Azərbaycan ərazilərində Azərbaycan xalqına məxsus maddi-mədəni irsin və İslam dininə aid ibadət ocaqlarının dağıdılması, talan və təhqir edilməsi, mənşəyinin dəyişdirilməsi və hərbi məqsədlərlə istifadə edilməsi dövlət səviyyəsində həyata keçirilən sistematik və planlı siyasətdir. Ermənistan UNESCO-nun xətti ilə işğal olunmuş Azərbaycan ərazilərində maddi-mədəniyyət abidələrinin vəziyyətinin qiymətləndirilməsi üzrə faktaraşdırıcı missiyanın təşkil olunmasına heç cür imkan vermir. Sözügedən məsələ ilə əlaqədar UNESCO və digər aidiyyəti beynəlxalq təsisatlara məlumat veriləcək.

 

WAR AGAINST AZERBAIJAN. Targeting Cultural Heritage

növbəti xəbər əvvəlki xəbər