Viza

“2017 FORMULA 1 Azərbaycan Qran Pri yarışı”

-    Azərbaycan Respublikası Prezidentinin 2702 saylı, 02.03.2017-ci il tarixli 2017 Formula 1 Azərbaycan Qran Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncamına əsasən, 2017-ci ilin mayın 15-dən iyulun 15-dək vizalar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələri tərəfindən rəsmiləşdiriləcəkdir. Viza rəsmiləşdirilməsi üçün əsas hesab edilən sənədlərdən biri:

  1. Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən kart və ya digər sənəd.
  2. Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən kart.

-   Eyni zamanda 2017 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə əlaqədar Azərbaycan Respublikasına səfər edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (yalnız AR Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli “ASAN Viza” sisteminin yaradılması haqqında” Fərmanına əsasən təsdiq edilmiş ölkələrin siyahısı üzrə - 81 ölkə) “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı olacaqdır.

“IV İslam Həmrəyliyi Oyunları 2017”

-    Azərbaycan Respublikası Prezidentinin 2703 saylı, 02.03.2017-ci il tarixli IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında haqqında Sərəncamına əsasən, müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2017-ci il aprelin 1-dən iyulun 1-dək pasport və ya digər sərhədkeçmə sənədləri və akkreditasiya kartı əsasında viza almadan Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər.

-    IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq qaydada akkreditasiyadan keçmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması tələb olunmur.


Ümumi məlumat

Növləri

Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə 2 növdə olan – giriş və ya tranzit vizası aşağıdakı qaydada rəsmiləşdirilir:

  1. Giriş vizası – bu növ vizanın etibarlılıq müddəti birdəfəlik giriş-çıxış üçün 90 günədək müəyyən olunur.
  • Birdəfəlik giriş vizası – etibarlılıq müddəti ərzində ölkəyə yalnız bir dəfə giriş-çıxış etməyə icazə verir.
  • Çoxdəfəlik giriş vizası – bu növ vizanın etibarlılıq müddəti 2 ilədək müəyyən olunur. Bu viza şəxsə etibarlılıq müddəti ərzində ölkəyə çoxsaylı giriş-çıxış etməyə icazə veirir.

Vizada göstərilən ölkədə qalma müddətindən vizanın etibarlılıq dövrü ərzində istifadə edilir. Bu müddət ərzində istifadə olunmayan viza qüvvədən düşür.

  1. Bir və ya ikidəfəlik tranzit vizası – üçüncü ölkələrə gedən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisindən keçmək üçün verilir. Tranzit vizasının etibarlılıq müddəti 30 günədək, ölkədə qalma müddəti isə 5 günədək müəyyən edilir. Tranzit vizaları hava, su, dəmiryol nəqliyyatı və digər nəqliyyat növü vasitəsi ilə gediş marşrutu və ona sərf olunan vaxt nəzərə alınmaqla verilir.

Məqsədləri

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkəyə gəlmək üçün aşağıdakı məqsədlərlə giriş vizası əldə edə bilərlər:

  • rəsmi
  • işgüzar
  • turizm
  • əmək
  • elm
  • təhsil
  • müalicə
  • mədəniyyət
  • idman
  • şəxsi
  • humanitar

Yalnız rəsmi məqsədlə ölkəyə gələn şəxslərə diplomatik və ya xidməti kateqoriyalı giriş vizası verilir.

Vizanın verilməsi üçün tələb olunan sənədlər

Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq, viza verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

1. Ərizə-anket (nümunəsi əlavə olunur);

2. Pasport və ya digər sərhədkeçmə sənədi və onların əsas səhifələrinin surətləri;

3. Biometrik identifikasiya tələblərinə uyğun iki ədəd rəngli fotoşəkil (3x4sm);

4. Tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikdə);

5. Viza verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə sənəd;

6. Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti (nümunəsi əlavə olunur), dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti (qeyri-dövlət təşkilatları üçün), dəvətin səbəbini təsdiqləyən sənəd (tranzit, turizm, rəsmi və şəxsi səfər vizaları üçün bu sənədlər tələb olunmur);

7. 18 yaşına çatmamış, lakin pasport sahibi olan və valideyni və ya qanuni nümayəndəsi ilə birgə səfər etməyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi üçün notariat qaydasında təsdiq olunmuş doğum haqqında şəhadətnamənin surəti, valideynlərin və ya qanuni nümayəndənin icazəsi və onların şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri də tələb olunur.

Baş Konsulluq tərəfindən İran İslam Respublikasının vətəndaşları üçün rəsmiləşdirilən vizalara görə aşağıdakı miqdarda dövlət rüsumları ödənilməlidir: 

Tranzit vizalar və birdəfəlik giriş vizaları - 20 ABŞ dolları

Çoxdəfəlik giriş vizası - 350 dollar

Diqqət! Əcnəbinin pasportunun və ya digər sərhədkeçmə sənədinin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır.

ƏCNƏBİLƏRİN VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏRİN AZƏRBAYCAN RESPUBLİKASINDA OLDUĞU YER ÜZRƏ QEYDİYYATA ALINMASI

Azərbaycan Respublikasında 10 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin müdiriyyəti və ya yaşayış sahəsinin sahibi əcnəbinin ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini (viza səhifəsi və ölkəyə son girişi göstərilmiş səhifələr daxil olmaqla) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin internet informasiya ehtiyatı (www.migration.gov.az), elektron poçt (qeydiyyat@migration.gov.az) vasitəsi ilə və ya şəxsən Dövlət Miqrasiya Xidmətinə təqdim etməlidir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də olduğu yer üzrə qeydiyyata alınma üçün yuxarıda göstərilmiş qaydada, müraciət edə bilərlər.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.